Korporativ idarəetmə çərçivəsi dövlət mülkiyyət subyektləri və DM-lər üçün qərarlar qəbul etmək və öz risklərini idarə etmək üçün DİM-lərin dayanıqlılıq və davamlılığına töhfə verəcək və uzunmüddətli dəyər yaradılmasını təmin edəcək şəkildə stimullar təmin etməlidir. Dövlətin dayanıqlılıq məqsədlərinin olduğu hallarda, dövlət mülkiyyətçi olaraq DM-lər üçün konkret və iddialı, dayanıqlılıqla bağlı gözləntilər, o cümlədən şuranın rolu, məlumatların açıqlanması və şəffaflıq, məsuliyyətli biznes davranışı ilə bağlı gözləntilər müəyyən etməlidir.
Mülkiyyət siyasəti DM-lərin steykholderlər qarşısında vəzifələrini tam tanımalıdır.
Hökumətlərin və bizneslərin (müəssisələrin) dayanıqlılığa və məsuliyyətli biznes davranışına sadiqliyində nəzərəçarpacaq artım var. Son böhranlar daha dayanıqlı və davamlı siyasətlər, strategiyalar və ümumi təcrübələrin qəbulu yolu ilə yaranan risklərin müəyyən edilməsinin və gözlənilməz şoklara qarşı davamlılığın artırılması imkanlarından istifadənin vacibliyini vurğulamışdır. Nəticə etibarilə, dünyada artan sayda yurisdiksiyalar dayanıqlılığı öz gündəliklərinə prioritet olaraq daxil etmiş və Paris Sazişinə və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lərə) uyğun olaraq dayanıqlı və davamlı, xalis sıfır/aşağı karbon iqtisadiyyatına keçid üçün yüksək səviyyəli öhdəliklər götürmüşlər. Bu, şirkətlərdən, o cümlədən DM-lərdən sürətlə dəyişən tənzimləyici və biznes mühitinə reaksiya verməyi, potensial riskləri idarə etməyi və bu cür keçid yolları ilə bağlı imkanları dərk etməyi tələb edir. Mülkiyyətçi olaraq dövlət, DM-lərin hadisələrə uyğunlaşmaq və yeni şoklarla üzləşmək üçün təchiz olunmasının təmin edilməsindən məsuldur və bunda maraqlıdır, habelə DM-lərə qərar qəbul etmələri, risk və imkanlarını onların dayanıqlılığına və davamlılığına töhfə verəcək və uzunmüddətli dəyərin yaradılmasını təmin edəcək şəkildə idarə etmələri üçün müvafiq stimullar təmin etməlidir. Dövlət mükiyyətçilərinin gözləntilərinə əlavə olaraq, DM-lər qeyri-dövlət səhmdarlarının, bazar iştirakçılarının və steykholderlərin artan tələblərinə cavab olaraq könüllü məqsədlər qoya və ya qabaqcıl təcrübələri qəbul edə bilər.
DM-lər çox vaxt öz iqtisadiyyatlarında mərkəzi rol oynasalar da, dayanıqlılıqla əlaqəli risklərə qarşı xüsusilə həssas görünürlər. Xüsusilə, onların fəaliyyətinin və idarəetmə strukturlarının xarakterinə və sektorlar üzrə bölgüsünə, o cümlədən çətin həll olunan sektorlarda daha çox cəmləşdiyinə görə, DM-lərin əməliyyatları, bir qayda olaraq, qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsini təşkil edir və ətraf mühit, insan hüquqları və korrupsiya risklərinin artması ilə üzləşir. Bundan əlavə, DM-lər iqlimlə bağlı fiziki və keçid risklərinə, o cümlədən karbon tutumlu bloklama təsiri risklərinə, çox vaxt irimiqyaslı infrastruktur təminatçıları və ya karbon tutumlu şirkətlər olmaqla daha çox məruz qalırlar. Bu cür risklər, dövlət mülkiyyəti səbəbindən, məsələn, daha az və ya daha çox dəyişkən dividendlər, dolayısı ilə və ya açıq şəkildə təminat verildiyi təqdirdə xidmət göstərilə bilməyən borclar və ya yüksək karbonlu aktivlərə səbəb ola biləcək keçid riskləri vasitəsilə dövlətə ötürülə bilər. Buna görə də bu cür risklərə məruzqalma dayanıqlılıqla əlaqəli iddialı milli və beynəlxalq öhdəliklərin, xüsusən də iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün maneə ola bilər. Əhəmiyyətli olan odur ki, bu cür risklər həm də dövlət büdcəsi və DM-lərin mal və xidmətlərinə güvənən ayrı-ayrı şəxslər və müəssisələr üçün birbaşa nəticələrlə, ictimai siyasətin məqsədlərinə nail olmaqla yanaşı, DM-nin uzunmüddətli fəaliyyətinə və dəyər yaratmasına da təsir göstərə bilər.
Düzgün şərait və təşviqlər əsasında DM-lər, o cümlədən dövlətə məxsus banklar və digər dövlət maliyyə institutları da dayanıqlı inkişafın təşviqində və ədalətli keçidin asanlaşdırılmasında, o cümlədən aşağı karbonlu alternativlərin təmin edilməsi və ya maliyyələşdirilməsində mühüm rol oynaya bilər.
Əslində, dünyada getdikcə daha çox ölkə artıq DM-lərin nümunə göstərə biləcəyini və göstərməli olduğunu qəbul edir. Bu, həm də dövlətin DM-lər üzərində mülkiyyətini onların əsas səhmdarlarını təşkil edən geniş ictimaiyyətin maraqları naminə həyata keçirməsi ilə bağlı ümumi fərziyyədən irəli gəlir. İƏİT-in Məsuliyyətli biznes davranışının təşviqində hökumətin roluna dair Təklifinə [OECD/LEGAL/0486] uyğun olaraq, hökumətlər nümunə olmalı və iqtisadi aktor kimi öz rollarında və kommersiya fəaliyyətlərində məsuliyyətli biznes davranışını təşviq etmək və nümunə olmaq üçün tədbirlər görməlidirlər. Əlavə olaraq, DM-lər ətraf mühitə və cəmiyyətə hər hansı potensial zərərli təsirin aradan qaldırılması, qarşısının alınması və ya azaldılması üçün məsuliyyətli biznes davranışı standartlarına riayət etməlidirlər. Bəzi hallarda dövlət həmçinin xüsusilə enerji, məşğulluq və ya nəqliyyatla bağlı sahələrdə hökumətin dayanıqlılıq gündəliyini dəstəkləyəcək DM-lər üçün xüsusi ekoloji və sosial məqsədlər qoymaq qərarına gələ bilər. Bu cür məqsədlər üçün, əgər onlar ictimai xidmət öhdəliklərinə bərabərdirsə, qanun və ya qaydalarla aydın şəkildə mandat verilməli və bərabər şəraiti təmin etmək üçün onların xərcləri və maliyyələşdirmə mexanizmləri ilə bağlı lazımi şəffaflıq və açıqlamaya tabe olmalıdır.
Mülkiyyətçi olaraq dövlət, DM-lərin dayanıqlı və məsuliyyətli biznes təcrübələrini və uzunmüddətli dəyər yaratmasını, xüsusən də dayanıqlılıqla bağlı adekvat siyasətlərin işlənib-hazırlanması, habelə dayanıqlı və məsuliyyətli biznes təcrübələrinin DM-lərin korporativ idarəetmə çərçivəsində (o cümlədən öz mülkiyyət siyasətləri və təcrübələri çərçivəsində) inteqrasiyası yolu ilə təşviq və təbliğ etməlidir. Praktiki olaraq, dövlət steykholderlərin cəlb edilməsinin korporativ səviyyədə DM-lərin əsas məsuliyyəti olmasını gözləməli, habelə müvafiq iqtisadi, sosial və ya ekoloji aspektlər üzrə fikir mübadiləsi aparmaq üçün öz mülkiyyət siyasəti ilə bağlı steykholderlərin dialoqunu asanlaşdırmalıdır.
VII.A. Dövlətin dayanıqlılıq məqsədlərini müəyyən etdiyi hallarda onlar dövlətin mülkiyyət siyasəti və təcrübələrinin tərkib hissəsi olmalıdır.
Siyasətdə ahəngdarlığı təmin etmək məqsədilə dövlətin mülkiyyət siyasəti və təcrübələri dayanıqlı inkişaf üzrə daha geniş milli məqsədlərə, o cümlədən beynəlxalq öhdəliklərə uyğunlaşdırılmalıdır. Dövlət mülkiyyət subyektləri həmçinin könüllü əsasda, dayanıqlılıq məqsəd və hədəflərini fəal mülkiyyətçi kimi öz rolu çərçivəsində mülkiyyətçilərin DM portfelinə dair gözləntilərinə inteqrə etmək qərarına gələ bilərlər.
Buraya DM-lərin dayanıqlı və davamlı iqtisadiyyata keçidi dəstəkləmək üçün müvafiq investisiya, infrastruktur və texnologiyaların mənimsənilməsini təmin etməyə yönəlmiş ümumi strategiyanın (o cümlədən müfəssəl fəaliyyət planı və dəqiq vaxt cədvəlinin) işlənib-hazırlanması daxildir. Bu strategiya səhmdarlar və nəticə etibarilə cəmiyyət üçün uzunmüddətli dəyərin maksimuma çatdırılması baxımından dayanıqlılıq məqsədlərinə nail olmaq üçün mövcud resurslardan istifadənin optimallaşdırılmasına yönəlmiş müvafiq investisiyaların, kapital strukturunun və büdcə ayırma planlarının təmin edilməsini əhatə etməlidir. Dayanıqlılıq strategiyası çərçivəsində dövlət mülkiyyətçisi, inter alia, dövlət-özəl tərəfdaşlıqlarını (DÖT) təşviq edə və həmçinin DM-ləri dayanıqlı innovasiyaları, dairəvi iqtisadiyyatı, bərpa olunan enerji növlərini və enerji səmərəliliyini təşviq etməyə dəvət edə bilər. Dövlətin tam mülkiyyətində olan DM-lər üçün müvafiq dayanıqlılıq məqsədləri və ya öhdəlikləri qəbul etdiyi dərəcədə, dövlət, lazım gəldikdə, DM-ləri iqlimə keçid üzrə etibarlı planlar, o cümlədən uyğunlaşdırma planları işləyib-hazırlamağa təşviq etməli və onlardan karbonsuzlaşdırmaq səylərində, eləcə də digər aspektlər arasında təbiətin bərpası və suyun mühafizəsi kimi daha çox iqlim fəaliyyətində fəal rol almalarını gözləməlidir. Vacib olan odur ki, dövlət mülkiyyətçi olaraq uzunmüddətli səhmdar və investisiya strategiyasında dayanıqlılıqla bağlı məqsədləri də nəzərə almalı, bu zaman portfel səviyyəsində dayanıqlılıq risklərinə, məsələn, itirilmiş dividendlər, gələcək borc yükləri və ya keçid risklərinin, məsələn, yüksək karbonlu aktivlərə səbəb ola biləcəyi hallara məruz qalmasına xüsusi diqqət yetirməlidir. Bu cür dayanıqlılıq riskinin qiymətləndirilməsi DM-lərə və onların şurasına onların nəzərdən keçirməsi üçün təqdim edilməlidir.
Dövlət, digər aspektlərlə yanaşı, aşağı karbonlu alternativlərin təmin edilməsi və dayanıqlılıqla bağlı aparıcı tədqiqat və inkişafın təmin edilməsi də daxil olmaqla, dayanıqlılıq gündəliyini idarə etməkdə DM-lərin potensialını tanıya bilər. Bundan əlavə, dövlətə məxsus banklar və digər dövlət maliyyə institutları da kreditləşmə və maliyyələşdirmə təcrübələrində dayanıqlılıqla bağlı mülahizələri əsas götürməklə rol oynaya bilərlər. Bununla belə, rəqabət təhriflərinin qarşısını almaq üçün DM-lər və ya bazarın digər oyunçuları üçün stimullar təmin edilərkən bərabər şəraitin saxlanmasına diqqət yetirilməlidir. Dayanıqlılığın əsaslandırılması rəqabət mənzərəsinə təhrifedici təsirləri əsaslandırmaq üçün istifadə edilməməlidir.
Buradan belə nəticə çıxır ki, çoxölçülü aspektlərinə görə dayanıqlılıqla bağlı siyasət və strategiyalar ümumhökumət səviyyəsində – müvafiq dövlət qurumları ilə koordinasiya və müvafiq steykholderlərlə məsləhətləşmələr əsasında işlənib-hazırlanmalıdır. Daha geniş dövlət səviyyəsində səmərəli koordinasiya DM-lərdə maraq toqquşmaları və ya siyasi müdaxilə ilə bağlı potensial riskləri azaltmağa kömək etməli və, beləliklə, dövlətin mülkiyyət rolunun digər hökumət funksiyalarından, xüsusən də onun iqtisadi tənzimləyici və ya siyasət qurucusu rolundan ayrılmasını qorumalıdır.
Buraya aşağıdakılar daxildir:
VII.A.1. Mülkiyyət siyasəti və təcrübələrinə uyğun gələn DM-lər üçün dayanıqlılıqla bağlı konkret və iddialı gözləntilərin müəyyən edilməsi. Bunu edərkən dövlət bütün səhmdarların hüquqlarına hörmət etməli və onlarla ədalətli rəftar etməlidir.
Fəal sahibkar kimi dövlət, DM-lər üçün onların dayanıqlılığını və davamlılığını dəstəkləməyə, eləcə də uzunmüddətli dəyər yaratmağa yönəlmiş iddialı gözləntiləri müəyyən etməli və bildirməlidir. Bu cür yüksək səviyyəli gözləntilər dövlət mülkiyyəti siyasətində və/və ya digər müvafiq siyasət sənədlərində öz əksini tapmalı və müvafiq hallarda dövlətin daha geniş dayanıqlılıq hədəf və öhdəlikləri, o cümlədən beynəlxalq öhdəlikləri ilə uyğunlaşdırılmalıdır. Bunlara açıqlanma və şəffaflıqla bağlı gözləntilər, şuranın rolu və vəzifələri, habelə DM-lər tərəfindən məsuliyyətli biznes davranışı standartlarına riayət edilməsi və maraqlı tərəflərin cəlb edilməsi ilə bağlı gözləntilər daxildir, lakin bunlarla məhdudlaşmır. Dövlət həmçinin məsələn, müəyyən ölçülü və/və ya risk profilinə malik olan müəssisələr üçün şura idarəetməsi (yəni dayanıqlılıq komitəsinin yaradılması) və tərkibi (yəni dayanıqlılığı daxil etmək üçün şura səviyyəsindəki keyfiyyətlər) ilə bağlı gözləntilər müəyyən edə bilər.
Bununla belə, dövlət gözləntilərin müəyyən edilməsinə və DM-lərin hökumətin dayanıqlılıqla bağlı gözləntilərinə nail olmasına şərait yaradan hüquqi və normativ bazanın təmin edilməsindən məsul olsa da, dayanıqlılıq istiqamətində DM-lərin məqsədlərini və icra çərçivələrini işləyib-hazırlamaq üçün direktorlar idarəetmə orqanlarının məsuliyyəti olaraq qalmalıdır. Dövlətin gözləntiləri DM portfellərinin dayanıqlılıq səyləri üçün tavan kimi başa düşülməməli və onlara nümunə olmaları üçün yer qoymalıdır.
Dövlətin yeganə mülkiyyətçi olmadığı hallarda dövlət öz dövlət mülkiyyət siyasəti, səhmdarların ümumi yığıncaqları və səhmdarların hüquqlarını səmərəli şəkildə həyata keçirməklə şəffaf şəkildə öz gözləntilərini bölüşməlidir. Bunu edərkən dövlət digər səhmdarların hüquqlarına hörmət etməli və onlarla ədalətli rəftar etməlidir. Dövlətin tam, majoritar və ya minoritar səhmdarı olduğu şirkətlər arasında gözləntilər fərqli ola bilsə də, mülkiyyətçinin gözləntilərinin aydınlığı və şəffaflığı dayanıqlılıqla bağlı məqsədlərin ayrı-ayrı DM-lərin əməliyyatlarında və qərar qəbulunda inteqrasiyasını dəstəkləmək istiqamətində mühüm addımdır. Aydın çərçivə olmadan, DM-lərdə uyğunluqdan qaçmaq üçün stimul ola bilər.
Yüksək səviyyəli gözləntilər bütün DM portfelini əhatə etməli və müvafiq hallarda həm kəsişən, həm də daha çox sektora xas mülahizələri ehtiva etməlidir. Mülkiyyət çərçivəsi və mövcud təcrübələrdən asılı olaraq, dövlət sektoral qaydalar, gözlənti məktubları, dialoq və/və ya DM-lfərdi fərdi mandatları vasitəsilə daha konkret dayanıqlılıqla bağlı gözləntilər müəyyən edə bilər. Bu prosesdə dövlət DM-lərin idarə edilməsinə həddindən artıq və ya passiv müdaxilədən çəkinməli və müəyyən edilmiş məqsədlərə nail olmaq üçün DM-lərin tam fəaliyyət muxtariyyətinə imkan verməlidir.
Dayanıqlılıq üzrə yeni tələblər DM-nin ümumi missiyasının əsaslı şəkildə dəyişməsinə səbəb olarsa və ya müəssisənin üzərinə ictimai xidmət öhdəlikləri kimi yeni vəzifələr qoyulduqda, bu cür öhdəliklər aydın şəkildə müəyyən edilməli və geniş ictimaiyyətə açıqlanmalıdır. Onların xalis xərcləri şəffaf şəkildə ödənilməlidir.
VII.A.2. Şuralarla müntəzəm dialoq vasitəsilə dövlətin dayanıqlılığa dair gözləntilərinin diqqətə çatdırılması və aydınlaşdırılması.
Dövlət mülkiyyət subyektləri qarşılıqlı anlaşmanın təmin edilməsi və potensial ixtilafların idarə edilməsi baxımından ayrı-ayrı DM idarəetmə orqanları və müvafiq hallarda digər səhmdarlarla fəal şəkildə əlaqə saxlamaqla yüksək səviyyəli gözləntiləri izləməlidirlər. Səhmdarlarla bir neçə raund müzakirələrin və aydınlaşdırmaların aparılmasını təmin edə biləcək bu cür dialoq, habelə DM idarəetmə orqanlarının dayanıqlılıqla bağlı gözləntiləri şirkət rəhbərliyi üçün mənalı strategiyalara və hədəflərə effektiv şəkildə çevirdiyindən əmin olmaqla icranı dəstəkləyə bilər.
Bu məqsədlə, dövlət mülkiyyət subyektləri, mümkün olduqda gözləntiləri bildirmək və dayanıqlılıq gözləntiləri və/və ya risklər və imkanlar barədə fikir mübadiləsi aparmaq üçün ayrı-ayrı DM-lərin direktorlar şuraları ilə müntəzəm dialoqa şərait yaratmalıdırlar. Qismən dövlət müəssisələrində dövlət səhmdarların hüquqlarını həyata keçirməklə, səhmdarların ümumi yığıncağında və ya şuranın iclaslarında digər səhmdarlara lazımi hörmətlə yanaşmalı və/və ya gözləntiləri aydınlaşdırmalıdır.
VII.A.3. DM-lərin dayanıqlılıqla bağlı gözləntilərə uyğunluğunun və fəaliyyət göstəricilərinin mütəmadi olaraq qiymətləndirilməsi, monitorinqi və bildirilməsi.
Dövlət dayanıqlılıq məsələləri ilə bağlı DM-lər üçün ümumi gözləntilərin yerinə yetirilməsini izləməlidir. Bu məqsədlə, dövlət dayanıqlılıqla bağlı gözləntiləri mövcud hesabatvermə sistemi daxilində adekvat şəkildə inteqrə etməli, DM-nin fəaliyyətini mütəmadi olaraq qiymətləndirə və izləyə bilməli, habelə onların yüksək səviyyəli gözləntilərə və tətbiq olunan hüquqi və normativ tələblərə uyğunluğuna nəzarət etməlidir. Dövlət hesabatvermə gözləntilərini bütün DM-lərə aydın şəkildə çatdırmalı və dayanıqlılıqla bağlı gözləntiləri və onlara nail olunmasını, o cümlədən illik məcmu hesabatda geniş ictimaiyyətə açıqlamalıdır.
Müntəzəm fəaliyyətin təhlili mülkiyyət subyektlərinə öz portfelləri və ayrı-ayrı şirkətləri ilə bağlı dayanıqlılıq məsələlərini aydın şəkildə başa düşməkdə, eləcə də məlumatlı əsasda yeni fəaliyyət hədəfləri təyin etməkdə və ya tənzimləməkdə dəstək ola bilər. Bundan əlavə, dövlət bütövlükdə portfelinin fəaliyyətini qiymətləndirməyi də nəzərdən keçirməli və uzunmüddətli dəyər yaratmağa necə töhfə verə biləcəyi barədə düşünməlidir. Təhlilini dəstəkləmək üçün, dövlət dayanıqlılıqla bağlı risklərə portfel səviyyəsində məruz qalmasını və/və ya, digər aspektlərlə yanaşı, portfel üzrə və ya həmyaşıd şirkətlər arasında DM-lərin dayanıqlılıq fəaliyyətini müqayisə edə bilər. Bu, dövlətə dayanıqlılıq risklərini və imkanlarını qiymətləndirməyə və prioritetləşdirməyə, habelə məlumatlı əsasda gözləntilər yaratmağa kömək etməlidir.
VII.B. Dövlət DM idarəetmə orqanlarından öz əsas funksiyalarını yerinə yetirərkən dayanıqlılıq risklərini və imkanlarını adekvat şəkildə nəzərə almalarını gözləməlidir.
Mülkiyyətçi kimi dövlətin "yuxarıdan ton"un qurulmasında mühüm rolu olsa da, dövlət DM-lərin özlərinin dövlətin yüksək səviyyəli gözləntilərinin şirkətin strategiyasına və əməliyyat fəaliyyətlərinə effektiv şəkildə daxil edilməsini təmin etmək üçün məsuliyyət daşımasını gözləməlidir. Dayanıqlılıqla bağlı heç bir formal yüksək səviyyəli gözlənti olmasa belə, DM-lər qlobal tendensiyaların önündə olmağa çalışmalı və şirkətin uzunmüddətli fəaliyyətinə və dayanıqlılığına fayda verəcək təşəbbüslər göstərməlidirlər. DM-lər beynəlxalq inkişaflar və qabaqcıl təcrübələr barədə, xüsusən də davamlı təhsildə müntəzəm iştirak etməklə və işçi qüvvəsi və digər müvafiq steykholderlərlə müntəzəm mübadilə və dialoqlar aparmaqla məlumatlı olmalıdırlar.
Dövlət DM idarəetmə orqanlarının öz strateji məqsədlərinə, o cümlədən dayanıqlılıqla bağlı məqsədlərə nail olmaq üçün tam əməliyyat muxtariyyətinə malik olmasını təmin etməlidir. Onlara aydın mandat və müəssisənin fəaliyyəti üçün son məsuliyyət təyin edilməli və müvafiq hesabatvermə və monitorinq mexanizmlərinə tabe olmalıdırlar. Xüsusilə, DM idarəetmə orqanları ümumi korporativ strategiyasına uyğun olaraq öz dayanıqlılıq siyasətlərini və məqsədlərini formalaşdırmalı; və müvafiq olduqda, fəaliyyəti ölçmək üçün dayanıqlılıq üzrə strateji göstəricilər və hədəflər toplusunu müəyyənləşdirməli və hesabat verməlidirlər.
DM idarəetmə orqanları həmçinin effektiv idarəetmənin və daxili nəzarətin mövcud olmasını, bunların lazımi yoxlama proseslərini də əhatə edən risk menecment çərçivəsi ilə uyğunlaşdırılmasını təmin etməlidirlər. Bunlar maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi və idarə olunmasına, eyni zamanda insan hüquqları, əmək, ətraf mühit və vergi ilə bağlı məsələlərə yönəldilməlidir. Effektiv korporativ (dayanıqlılıq) strategiyası üçün DM-lər öz fəaliyyətləri ilə bağlı və müvafiq olaraq, törəmə müəssisələrində və təchizat zəncirləri də daxil olmaqla, əməliyyatları, məhsulları və ya xidmətləri və ya işgüzar əlaqələri ilə əlaqəli risklərdə öz səylərini cəmləşdirməlidirlər.
Müəssisə səviyyəsində dayanıqlılığın effektiv şəkildə idarə edilməsini təmin etmək üçün aşağıdakı ilkin şərtlər vacibdir:
VII.B.1. DM idarəetmə orqanları korporativ strategiyanın bir hissəsi kimi dayanıqlılıqla bağlı əhəmiyyətli məqsəd və hədəflərin işlənib-hazırlanması, həyata keçirilməsi və açıqlanmasına nəzarət etməli və onları istiqamətləndirməlidir.
Direktorlar şuraları dayanıqlılıqla bağlı səhmdarların gözləntilərini və məqsədlərini öz biznes strategiyalarına effektiv şəkildə inteqrə etməli və bu məqsədlə xüsusi hədəflər və göstəricilər işləyib-hazırlamalıdır. Dayanıqlılıq strategiyaları və/və ya planlar müəssisənin ümumi biznes strategiyasının ayrılmaz tərkib hissəsi olmalı və ona uyğunlaşdırılmalıdır. Onlar həmçinin hesabatvermə tələbləri də daxil olmaqla, qüvvədə olan hüquqi və normativ tələblərə uyğunlaşmalı və öz inkişafında şirkətin və onun səhmdarlarının maraqları ilə birlikdə steykholderlərin, o cümlədən işçi qüvvəsinin maraqlarını nəzərə almalıdırlar. Effektiv dayanıqlılıq planları və strategiyaları dayanıqlılıq gözləntilərini biznes təcrübələrində mənalı təkmilləşdirmələrə çevirməyə kömək edə və bununla da geniş yayılmış "qrinvoşinq" və ya "sosial voşinq" hərəkətlərindən qaçınmağa kömək edə bilər.
Dayanıqlılıqla əlaqəli məqsəd və hədəflər ardıcıl, müqayisə oluna bilən və etibarlı metriklərə əsaslanmalı və səhmdarların gözləntilərinə, habelə tətbiq olunan hüquqi, müqavilə və normativ tələblərə uyğun olmalıdır. Bu, istifadəçilər, o cümlədən investorlar və işçi qüvvəsi kimi müvafiq steykholderlər üçün məlumatın etibarlılığını təmin etməyə kömək edir. Onlar səhmdarlara, investorlara və steykholderlərə elan edilmiş hədəfin etibarlılığını və ona çatmaq üçün rəhbərliyin irəliləyişini qiymətləndirməyə imkan vermək üçün müntəzəm olaraq açıqlanmalıdır. Açıqlama, məsələn, uzunmüddətli hədəf elan edildikdə aralıq hədəflərin müəyyən edilməsini, müvafiq dayanıqlılıq göstəricilərinin illik ardıcıl açıqlanmasını və şirkətin hədəfə qarşı aşağı fəaliyyət səviyyəsini aradan qaldırmaq üçün həyata keçirmək niyyətində olduğu mümkün düzəlişedici tədbirləri əhatə edə bilər.
VII.B.2. DM-lər dayanıqlılıq mülahizələrini risk menecment və daxili nəzarət sistemlərinə, o cümlədən riskə əsaslanan lazımi araşdırma aparmaqla inteqrə etməlidirlər.
Dayanıqlılıqla bağlı risklər də daxil olmaqla risklərin idarə edilməsinə və azaldılmasına nəzarət direktorlar şurasının əsas vəzifəsidir və biznesin uzunmüddətli uğuru üçün çox vacibdir.
DM-nin risk menecment sistemi əhəmiyyətli kənar şirkətlə əlaqəli risklərlə (məsələn, sağlamlıq böhranları) məşğul olmalıdır. Bundan əlavə, o, biznesin faktiki və potensial mənfi təsirlərini müəyyən etmək, qarşısını almaq və yumşaltmaq və Beynəlxalq İnvestisiya və Çoxmillətli Müəssisələr üzrə İƏİT Bəyannaməsinə uyğun olaraq bu təsirlərin necə aradan qaldırıldığını hesablamaq üçün risk-əsaslı lazımi araşdırmanı əhatə etməlidir. Effektiv risk-əsaslı lazımi yoxlama siyasətlərə və menecment sistemlərinə məsuliyyətli biznes davranışını daxil etmək üçün əlavə səylərlə dəstəklənməlidir.
Risk-əsaslı lazımi yoxlamanın aparılması DM-nin sadəcə olaraq müəssisənin özü üçün əhəmiyyətli riskləri müəyyən etmək və idarə etməkdən kənara çıxmasını, onların mənfi təsirlərin risklərini də əhatə etməsini təmin edir. Buraya insan hüquqlarına, əmək hüquqlarına (məsələn, uşaq əməyi, məcburi və ya icbari əmək) və ətraf mühitə (məsələn, iqlim dəyişikliyi, çirklənmə, biomüxtəlifliyin itirilməsi) faktiki və potensial mənfi təsirlər daxildir. Mənfi təsirlərin effektiv şəkildə qarşısının alınması və azaldılması, öz növbəsində, DM-lərə cəmiyyət üçün uzunmüddətli dəyəri maksimum dərəcədə artırmağa, steykholderlərlə münasibətləri yaxşılaşdırmağa və onların nüfuzunu qorumağa kömək edə bilər. DM-lər, inter alia, əmək, ətraf mühit, korporativ idarəetmə, cinayət və ya rüşvətə qarşı mübarizə haqqında qanunlar kimi xüsusi sahələrə aid hüquqi tələblərə cavab vermək baxımından lazımi yoxlama apara bilər.
Qlobal bazarlarda və transsərhəd fəaliyyətlərdə DM-lərin artan iştirakı onların qlobal təchizat zəncirlərində sosial və ekoloji risklərlə bağlı artan narahatlığı artırır. Nəticə etibarı ilə, DM-lər müxtəlif yurisdiksiyalarda, xüsusən də təchizat zəncirlərində insan hüquqları və ətraf mühitin mühafizəsi ilə bağlı hazırda müzakirə olunan çoxsaylı hüquqi və normativ inkişafları nəzərə almalıdırlar.
VII.B.3. DM idarəetmə orqanları idarəetmə fəaliyyətini qiymətləndirərkən və monitorinq edərkən dayanıqlılıq məsələlərini nəzərə almalıdır.
Funksiyalarını həyata keçirərkən şura idarəetmə fəaliyyətini effektiv şəkildə qiymətləndirməli və izləməli, şirkətin strateji məqsədlərinə, o cümlədən dayanıqlılıqla bağlı məqsədlərə müvafiq şəkildə nail olmasını təmin etməlidir. DM idarəetmə orqanları müəssisə rəhbərliyinin dayanıqlılıqla bağlı riskləri və imkanları başa düşmək və idarə etmək üçün müvafiq bacarıqlar toplusuna malik olmasını təmin etməli və, xüsusilə də bu cür risklər və ya imkanlar şirkət üçün əhəmiyyətli ola bilərsə, şirkəti dəyəri artıran strategiyalara yönəltməlidir.
Bəzi DM idarəetmə orqanları rəhbər vəzifəli şəxslərin kompensasiya planlarına dayanıqlılıqla bağlı meyarlar daxil etməklə müəssisənin və onun səhmdarlarının uzunmüddətli maraqlarına uyğun fəaliyyət göstərmək üçün rəhbər vəzifələri şəxslərə əlavə stimullar verə bilər. Belə hallarda idarəetmə orqanları Qayda VI.B-də qeyd olunan mükafatlandırma və həvəsləndirmə təcrübələrinə əməl etməlidirlər.
Səhmdarların maraqlarını uzunmüddətli dayanıqlılıq məqsədləri ilə balanslaşdırmaq çox vaxt şirkət şuraları və rəhbərliyi üçün mürəkkəbdir, çünki uzunmüddətli dayanıqlılıq məqsədlərini ölçmək çətindir və məlumatlar çox vaxt qeyri-məlum və qeyri-müəyyəndir. Biznes mühakiməsi qaydasının və ya oxşar qərarın tətbiqi şura üzvlərini və rəhbərliyi, əgər onlar ciddi şəkildə, lazımi prosedur qaydasında, lazımi qaydada məlumatlandırılmış əsasda və maraqların toqquşması olmadan biznes qərarını qəbul etmişlərsə, məhkəmə çəkişmələrindən qorumaqla, şuranı dayanıqlılıq amillərini nəzərə almağa təşviq edə bilər.
VII.C. Dövlət DM-lərdən ardıcıl, müqayisə edilə bilən və etibarlı məlumatlara əsaslanan müvafiq dayanıqlılıq hesabatı və məlumatların açıqlanması tələblərinə tabe olmalarını gözləməlidir:
Dayanıqlılıqla əlaqəli idarəetmə, strategiya, risk menecment və qeyri-maliyyə fəaliyyəti, o cümlədən dayanıqlılıqla bağlı məlumat və metriklər (məsələn, istixana qazı emissiyaları, kollektiv müqavilənin əhatə dairəsi) üzrə DM-lər üçün əsaslı hesabatvermə və məlumatların açıqlanması standartları səhmdarlar, investorlar, işçi qüvvəsi və geniş ictimaiyyət də daxil olmaqla digər müvafiq steykholderlər üçün getdikcə daha çox aktuallıq və əhəmiyyət kəsb edir. Onlar həmçinin dayanıqlılıq sahəsində DM idarəetmə orqanlarının və rəhbərliyinin hesabatlılığının gücləndirilməsi üçün vacibdir və DM-lərin fəaliyyəti haqqında daha aydın təsəvvür yaratmaqla dövlətə məlumatlı mülkiyyətçi kimi çıxış etməyə imkan verir.
Dövlət DM-lərdən dayanıqlılıq gözləntilərini necə qarşıladıqlarını və bununla da dövlət, səhmdarlar və vətəndaşlar üçün necə dəyər qazandırdıqlarını nümayiş etdirmək üçün qeyri-maliyyə hesabatları və açıqlamalar təqdim etmələrini gözləməlidir. Onlardan yüksək keyfiyyətli və beynəlxalq səviyyədə tanınmış standartlara uyğun olaraq, dayanıqlılıqla bağlı siyasətlər, fəaliyyətlər, risklər, məqsədlər və fəaliyyət göstəriciləri haqqında vaxtında və əlçatanlıqla, adekvat şəkildə hesabat verməli və aydın, dəqiq və tam əhəmiyyətli məlumatları açıqlamaq tələb edilməlidir. Qayda V.A üçün annotasiyalarda verilmiş əhəmiyyətliliyin təsvirinə əlavə olaraq, əhəmiyyətli məlumatlar, məsələn, ətraf mühit, sosial və idarəetmə məsələlərini, insan hüquqları, sağlamlıq, təhlükəsizlik, müxtəliflik, istehlakçı təhlükəsizliyi, məşğulluq, korrupsiyaya qarşı mübarizə və dayanıqlı biznes təcrübələri ilə bağlı müvafiq qanuni öhdəliklərə və ya xüsusi siyasətlərə uyğunluğu da əhatə edə bilər. Dayanıqlılıqla bağlı regional və ya milli məlumatların açıqlanması çərçivələri ilə beynəlxalq səviyyədə tanınmış standartlar arasında uyğunluq və qarşılıqlı fəaliyyət hələ də spesifik coğrafi xüsusiyyətlərin və ya yurisdiksiya tələblərinin əhəmiyyətliliyə təsir göstərə biləcəyi məsələlərdə əlavə yerli tələblərin dəyişkənliyinə imkan verə bilər.
Bundan əlavə və lazım gəldikdə, DM-lər müəssisənin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ya steykholderlərə əhəmiyyətli təsirləri olan işçilər və digər steykholderlər üçün aktual olan əsas məsələlər haqqında məlumat verməlidirlər. Açıqlamaya rəhbərlik/işçi münasibətləri, o cümlədən mükafatlandırma, kollektiv danışıqların əhatə dairəsi və işçilərin təmsil olunması, eləcə də kreditorlar, təchizatçılar, istehlakçılar və DM-lərin fəaliyyətinin təsirinə məruz qalan icmalar kimi digər steykholderlərlə münasibətlər (xüsusilə marginallaşdırılmış və həssas qruplara diqqət yetirilməklə) üçün mexanizmlər daxil ola bilər.
Bəzi ölkələr insan resursları haqqında məlumatların geniş şəkildə açıqlanmasını tələb edir. İnsan resurslarının inkişafı və təlimi üçün proqramlar, işçilərin işdə saxlanma dərəcələri və işçilərin pay sahibliyi planları kimi müvafiq siyasətlər bazar iştirakçılarına və digər steykholderlərə şirkətlərin rəqabət gücünə dair mühüm məlumatları çatdıra bilər.
VII.C.1. Dayanıqlılıqla bağlı hesabatlar və açıqlamalar bazar, yurisdiksiya və şirkətlər arasında dayanıqlılıqla bağlı açıqlamaların ardıcıllığı və müqayisəliliyini asanlaşdıran yüksək keyfiyyətli və beynəlxalq səviyyədə tanınmış standartlara uyğunlaşdırılmalıdır.
"Hər kəsə uyğun olan" yanaşmanın məhdudiyyətlərinin olduğunu etiraf etməklə yanaşı, dövlət mülkiyyət subyektləri şirkətlər və bazarlar arasında dayanıqlılıq haqqında açıqlamaların daha çox ardıcıllığı, etibarlılığı və müqayisəliliyini təmin etmək üçün hesabatvermə standartlarını və fəaliyyət göstəricilərini uyğunlaşdırmaq və ya standartlaşdırmaq qərarına gələ bilərlər. Bu məqsədlə hesabatvermə və məlumatların açıqlanması qaydaları mövcud çərçivələrlə əlaqəli əvvəlcədən müəyyən edilmiş göstəricilərin minimum toplusunu təmin edə və ya hesabatvermənin keyfiyyətini təmin etmək və hesabatvermə təcrübələrində uyğunsuzluğu məhdudlaşdırmaq üçün (konkret) beynəlxalq səviyyədə qəbul edilmiş hesabatvermə standartlarının istifadəsini tələb edə bilər. Bunun üçün, dövlət mülkiyyət subyektləri təkmilləşən beynəlxalq səviyyədə qəbul edilmiş standartlara, o cümlədən G20/İƏİT-in Korporativ İdarəetmə Prinsipləri və Beynəlxalq İnvestisiya və Çoxmillətli Müəssisələr üzrə İƏİT Bəyannaməsi, BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri, Qlobal Saziş və 2030 Gündəliyinə riayət etməlidirlər. Xüsusilə keçid planları (məsələn, istixana qazı emissiyalarının həcminin azaldılması, biomüxtəlifliyin itməsi) ilə bağlı məlumatların açıqlanması zamanı elmi əsaslı hədəf metriklərin istifadəsi təşviq edilməlidir. Dövlətə gəldikdə, daha çox uyğunlaşma DM-lər və digər müəssisələr arasında dayanıqlılıq məlumatlarının müqayisəsinə imkan verməklə onun fəal və məlumatlı mülkiyyətçi kimi rolunu dəstəkləyə bilər.
Bir çox yurisdiksiyalar məqbul investor perspektivinə əsaslanan əhəmiyyətliliyin DM-lər üçün standart olmasını, digərləri isə ikiqat əhəmiyyətliliyin DM-lər üçün standart olmasını təklif və ya tələb edir. Məlumat vaxtında açıqlanmalı və beynəlxalq səviyyədə tanınmış hesabatvermə standartlarına uyğun olaraq retrospektiv və perspektiv əhəmiyyətli məlumatları əhatə etməlidir.
DM-lər dayanıqlılıq hesabatı, maliyyə hesabatı və digər korporativ məlumatlar arasında uyğunluğu təmin etməlidirlər. Müvafiq olaraq, dövlət həmçinin DM-lərə dayanıqlılıqla bağlı açıqlamaların, məsələn, ilkin illik hesabatda (yəni inteqrə olunmuş hesabatda) və ya hesabatın ayrıca təqdim edilməli olduğu hallarda DM Təlimatları verməlidir. Buraya hesabatların dərci və əlçatanlığı ilə bağlı aydın gözləntilər daxil edilməlidir. Mümkün olduğu qədər, inteqrə olunmuş hesabatvermə yanaşmasına üstünlük verilməlidir, çünki bu, firmanın strategiyası ilə onun dayanıqlı inkişafa sadiqliyi arasında əlaqəni nümayiş etdirməkdə faydalı ola bilər.
VII.C.2. Müstəqil, səriştəli və ixtisaslı attestasiya xidmət təminatçısı tərəfindən yüksək keyfiyyətli və beynəlxalq səviyyədə tanınmış təminat standartlarına uyğun olaraq illik təminat sertifikatlarına dair tələblərin mərhələli şəkildə həyata keçirilməsi nəzərə alınmalıdır.
Dayanıqlılıq hesabatlarının müstəqil təminatı hesabat məlumatlarının düzgünlüyü və keyfiyyətinə inamı artırır və bununla da həm DM-lərin, həm də dövlətin ictimaiyyət qarşısında hesabatlılığını artırmağa kömək edir. Şirkətlərə gəldikdə, təminat xidmətləri dayanıqlılıq hesabatları ilə bağlı xərcləri və hüquqi riskləri azaltmağa kömək edə bilər. O, həmçinin səhmdarları və müvafiq steykholderləri, o cümlədən işçi qüvvəsini razı salmağa və şirkəti məhkəmə risklərindən qorumağa kömək edə bilər. Dövlətə gəldikdə, təminat dayanıqlılıq hesabatlarının ətrafında inam dərəcəsini və onların etibarlılığını artırmaqla və portfeli daxilində dayanıqlılıq riskləri və imkanlarının daha dəqiq qiymətləndirilməsini təmin etməklə onun fəal və məlumatlı mülkiyyətçisi kimi rolunu dəstəkləyə bilər.
Ölçüsü və əməliyyat şəraiti nəzərə alınmaqla, dövlət DM-lərdən dayanıqlılıq hesabatlarının düzgünlüyü və keyfiyyətini təmin etməyə yönəlmiş güclü metodologiyalara əsaslanan müstəqil və ixtisaslı təminat provayderi tərəfindən həyata keçirilən dayanıqlılıq açıqlamaları ilə bağlı məhdud və ya məqbul təminat almalarını gözləməlidir. Hesabatın etibarlılığının və müvafiq qanunvericilik tələblərinə uyğunluğunun təmin edilməsi vacib olaraq qalsa da, baxış sırf hesabatın özünə deyil, şirkətin dayanıqlılıq göstəricilərinə fokuslanmalıdır. Bütün açıqlanmış dayanıqlılıq məlumatları üçün təminat mümkün olmadıqda və ya çox baha başa gəldikdə, dayanıqlılıqla bağlı ən uyğun metriklər və ya istixana qazı emissiyaları kimi açıqlamalar üçün məcburi qiymətləndirmə nəzərə alınmalıdır. Şuranın DM-nin hesabatverməsinin dürüstlüyünə inamını artırmaq üçün, şura daxili auditordan dayanıqlılıqla əlaqəli məlumatlarla bağlı təminatlar istəyə bilər.
Bununla belə, maliyyə hesabatları və dayanıqlılıqla bağlı açıqlamalar arasında əminlik səviyyəsinin daha çox yaxınlaşması uzunmüddətli məqsəd olmalıdır. Buraya maliyyə hesabatları və dayanıqlılıqla bağlı açıqlamalar üçün hesabatvermə dövrünün uyğunlaşdırılması daxildir.
VII.D. Dövlət bir mülkiyyətçi kimi DM-lərin məsuliyyətli biznes davranışı standartlarına riayət etməsinə dair yüksək gözləntilər və onların tətbiqi üçün effektiv mexanizmlər müəyyən etməli, DM-lərin steykholderlər qarşısında vəzifələrini tam tanımalı və DM-lərin steykholderlərlə münasibətləri barədə hesabat verməsini tələb etməlidir. Bu cür mülkiyyətçinin gözləntiləri açıq və şəffaf şəkildə ictimaiyyətə açıqlanmalıdır.
DM-lər məsuliyyətli biznes davranışı ətrafında inkişaf edən hüquqi və normativ mənzərəyə tabedir. Bir çox müəssisələr işgüzar davranış standartlarına hörmətin biznesin aparılmasının vacib elementi olduğunu nümayiş etdirmişlər. Özəl şirkətlər kimi, onların da nüfuz risklərini minimuma endirməkdə və "yaxşı korporativ vətəndaşlar" kimi qəbul edilməsində kommersiya marağı var. Bundan əlavə, MBD dayanıqlı və davamlı iqtisadiyyatın mərkəzi elementi kimi getdikcə daha çox qəbul edilir, çünki o, biznes və cəmiyyətin digər seqmentləri arasında ahəngdar münasibətləri təşviq edir və uzunmüddətli dəyər yaratmaq məqsədinə xidmət edir.
Nəticə etibarilə, DM-lər biznes əməliyyatları və bütün təchizat zənciri boyunca məsuliyyətli biznes davranışı standartlarına, o cümlədən insan hüquqları, məşğulluq və sənaye münasibətləri, ətraf mühit, korrupsiyaya qarşı mübarizə, istehlakçı maraqları, elm, texnologiya və innovasiya, rəqabət və vergitutma ilə bağlı standartlara riayət etməlidirlər. Onlar öz hərəkətlərində müvafiq beynəlxalq sənədləri, o cümlədən Beynəlxalq İnvestisiya və Çoxmillətli Müəssisələr üzrə İƏİT Bəyannaməsi, mümkün qədər həyata keçirilməli olan BƏT-in Fundamental Prinsiplər və İş Hüquqları haqqında Bəyannaməsi, BƏT-in Çoxmillətli Müəssisələr və Sosial Siyasətlə bağlı Prinsiplərə dair Üçtərəfli Bəyannaməsi və BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərini rəhbər tutmalıdırlar.
Korporativ idarəetmə üçün mərkəzi əhəmiyyət kəsb edən steykholderlərin cəlb edilməsidir ki, bu da məsuliyyətli biznes davranışının əsas xüsusiyyəti və lazımi yoxlama prosesinin tərkib hissəsidir. Dövlət mülkiyyət subyektləri və DM-lər dayanıqlı, maliyyə cəhətdən sağlam və məsuliyyətli müəssisələrin qurulması üçün steykholderlərlə, o cümlədən işçi qüvvəsi, kreditorlar, müştərilər, təchizatçılar və təsirə məruz qalan icmalarla əlaqələrin vacibliyini qəbul etməlidirlər. Steykholderlərlə əlaqələr ictimai siyasətin məqsədləri həvalə edilmiş DM-lər üçün xüsusilə vacibdir. Fəaliyyətlərinin xarakterinə görə, DM-lər ölkənin makroiqtisadi inkişafına və fəaliyyət göstərdikləri icmalara həyati əhəmiyyətli təsir göstərə bilər. Üstəlik, bir çox investorlar investisiya qərarlarında steykholderlərlə əlaqəli məsələləri getdikcə daha çox nəzərə alır və steykholderlərin problemləri ilə bağlı potensial məhkəmə risklərini yüksək qiymətləndirirlər. Buna görə də mülkiyyət subekti və DM-lərin fəal steykholder siyasətinin müəssisənin dayanıqlılığına və davamlılığına, eləcə də onun uzunmüddətli strateji məqsədlərinə çatmasına və nüfuzuna təsir göstərə biləcəyini dərk etmələri vacibdir.
Bu məqsədlə, DM-lər şəffaf fəaliyyət göstərməyə hazır olduqlarını və steykholderlərlə əməkdaşlığa sadiq olduqlarını nümayiş etdirməklə steykholderlərin problemləri haqqında hesabat verməlidirlər. Bu, inam yaradacaq və onların nüfuzunu artıracaq. Bu cür hesabatverməyə layihənin təsirinə məruz qalan steykholderlər üçün irəliləyiş hesabatları, steykholderlərin cəlb edilməsi üzrə fəaliyyətlər və steykholderlərin iştirakçıları üçün nəticələr haqqında hesabatlar və digər aspektlər daxil ola bilər. Bu cür məlumatlar korporativ hesabatlara daxil edilə və ya ayrıca sənədlər kimi hazırlana bilər.
Xüsusilə:
VII.D.1. Hökumətlər, dövlət mülkiyyət subyektləri və DM-lər steykholderlərin qanunla və ya qarşılıqlı razılaşmalarla müəyyən edilmiş hüquqlarını tanımalı və onlara hörmət etməlidir. Steykholderlərin maraqlarının qanunla qorunduğu hallarda işçi qüvvəsi və digər steykholderlər öz hüquqlarının pozulmasına görə məqbul qiymətə və həddindən artıq gecikmə olmadan səmərəli kompensasiya əldə etmək imkanına malik olmalıdırlar.
Üstünlüyə malik olan səhmdar kimi dövlət, korporativ qərarların qəbuluna nəzarət edə və steykholderlərin zərərinə qərarlar qəbul edə bilər. Buna görə də işçi qüvvəsini, təsirə məruz qalmış icmaları və digər müvafiq steykholderlərin hüquqlarını qorumaq üçün mexanizm və prosedurların yaradılması vacibdir. Mülkiyyət subyekti və DM-lər qanunla və ya qarşılıqlı razılaşmalarla müəyyən edilmiş steykholder hüquqlarını tanımalı və bununla bağlı aydın siyasətə malik olmalıdır.
Steykholderlər müəssisədən və onun fəaliyyətindən asılı olaraq fərqlənirlər, lakin, bir qayda olaraq, onlara işçi qüvvəsi, kreditorlar, müştərilər, təchizatçılar və təsirə məruz qalan icmalar daxildir. Steykholderlərin hüquqları böyük ölçüdə qanunla (məsələn, əmək, biznes, kommersiya, ətraf mühit və müflisləşmə haqqında) və ya şirkətlərin hörmət etməli olduğu müqavilə münasibətləri ilə müəyyən edilir. Effektiv qərar qəbulu prosesi üçün, firmalar yerli qanunvericiliyə uyğun olaraq müqavilə münasibətlərinin olmadığı steykholderləri də nəzərə almalıdırlar, çünki onlar öz dayanıqlılıq siyasətləri, məqsədləri və hesabatlarının məzmununu işləyib-hazırlayarkən əsas məsələləri kənarda qoymaq riski ilə üzləşə bilərlər.
Hüquqi çərçivə şəffaf olmalı və steykholderlərə məqbul qiymətə və həddindən artıq gecikmə olmadan hüquqlarının pozulması ilə əlaqədar əlaqə saxlamağa və təzminat almağa imkan verməlidir. Bundan əlavə, istər dövlətin, istərsə də DM-lərin qanuni pozuntuları (məsələn, sosial və ya ekoloji qaydalar, korrupsiya, insan hüquqları ilə bağlı) haqqında məlumat verən xəbərverənlər, şəxslər və ya təşkilatlar qanunla qorunmalıdır.
Müəyyən yurisdiksiyalar hüquqi status, qaydalar, qarşılıqlı razılaşmalar/müqavilələr və ya fərqli idarəetmə strukturları vasitəsilə steykholderlərə DM-lərdə, məsələn, DM idarəetmə orqanlarında işçilərin təmsil olunması kimi müəyyən xüsusi hüquqlar verə bilər. Steykholderlərə verilən hər hansı xüsusi hüquqlar və ya qərar qəbulu prosesinə təsir açıq olmalıdır. Steykholderlərə qanunla və ya bununla bağlı DM tərəfindən yerinə yetirilməli olan digər vasitələrlə hansı hüquqların verilməsindən asılı olmayaraq, şirkət orqanları, əsasən səhmdarların ümumi yığıncağı və şura qərar qəbul etmək səlahiyyətlərini özündə saxlamalıdır. Steykholderlərlə fəal və uzunmüddətli dəyər yaradan əməkdaşlığı təşviq etmək üçün, dövlət mülkiyyət subyektləri və DM-lər steykholderlər, o cümlədən işçi qüvvəsi və təsirə məruz qalmış icmalar, hüquqlarının pozulduğu halda səmərəli bərpa imkanları kimi hüquqlarından istifadə etmək üçün vaxtında və müntəzəm olaraq müvafiq, kifayət qədər və etibarlı məlumat əldə etmək imkanına malik olmalıdırlar. İşçilər həmçinin qeyri-qanuni və ya qeyri-etik təcrübələrlə bağlı vicdanlı narahatlıqlarını şuraya sərbəst şəkildə çatdıra bilməlidirlər və buna görə onların hüquqları pozulmamalıdır.
VII.D.2. DM-lər dayanıqlılığın inkişaf etdirilməsi və ədalətli keçidin təmin edilməsində steykholderlərin, xüsusən də müəssisənin fəaliyyətində marağı ola biləcək və ya onların təsirinə məruz qala biləcək şəxslərdən və ya qruplardan mənalı iştirakı inkişaf etdirməli və təşviq etməlidir.
Steykholderlərlə müntəzəm və davamlı dialoq rəhbərliyin qərar qəbulu prosesi üçün məlumat təmin etməli və DM-lərin biznes strategiyasında öz əksini tapmalıdır. Steykholderlərin məqbul şəkildə cəlb edilməsi, inter alia, işçilərin hüquqlarını və dolanışıq vasitələrini təmin etməklə ədalətli keçidi (yəni mümkün qədər ədalətli və əhatəli şəkildə daha "yaşıl" iqtisadiyyata keçidi) dəstəkləyə bilər. Bu cür dialoq bir sıra məsələlər üçün faydalı ola bilsə də, bu, şirkətin dayanıqlılığını və davamlılığını yaxşılaşdırmaq məqsədilə qərarlar üçün xüsusilə vacibdir. Bu da, öz növbəsində, uzunmüddətli faydalar yaratmaqla qısamüddətli pul vəsaitlərinin çıxışını təmsil edə bilər. Bu cür dialoq həm də şirkət üçün hansı dayanıqlılıq məsələsinin həll edilməli və açıqlanmalı olacaq qədər aktual olduğunu qiymətləndirmək üçün faydalı ola bilər.
Steykholderlərin dialoqu və cəlb olunması üçün müvafiq platformalar qanunlar və ya qaydalar əsasında təmin edilməlidir. Məqbul steykholderlərin cəlb edilməsi, bir qayda olaraq, ikitərəfli kommunikasiyanı əhatə edən interaktiv prosesdən ibarət olan steykholderlərlə davamlı əlaqəni nəzərdə tutur; hər iki tərəfin iştirakçılarının xoş niyyətindən asılıdır və steykholderlərin fikirlərinə cavab verir (yəni nəticələrə dair izləmə prosesi var).
Steykholderlərin cəlb edilməsinin məqbul və effektiv olmasını təmin etmək üçün onun steykholderlər üçün vaxtında, əlçatan, uyğun və təhlükəsiz olmasını təmin etmək və həssaslıq və ya marginallaşma vəziyyətlərində olan steykholderlərlə əlaqə qurmaq üçün potensial maneələri müəyyən etmək və aradan qaldırmaq vacibdir. Bu məqsədlə qanun pozuntuları haqqında anonim məlumatverməni təşviq edən mexanizmlər tətbiq edilməlidir. Korporativ rəhbər şəxslər tərəfindən qeyri-etik və qeyri-qanuni təcrübələr təkcə steykholderlərin hüquqlarını pozmur, həm də nüfuzuna təsir baxımından şirkətə zərər verə bilər. Buna görə də şirkətlərin qeyri-qanuni və qeyri-etik davranışlarla bağlı işçilər tərəfindən şəxsən və ya onların nümayəndəlik orqanları vasitəsilə və şirkətdən kənarda olan digər şəxslərin şikayətləri üçün prosedurlar və təhlükəsizlik təminatı olan məxfi məlumatvermə siyasəti yaratması vacibdir. Şura bu şəxsləri və nümayəndəlik orqanlarını müdafiə etməyə və onlara şurada müstəqil olan, çox vaxt audit və ya etika komitəsinin üzvü olan şəxslə birbaşa məxfi şəkildə əlaqə saxlamağa təşviq edilməlidir. Bəzi şirkətlər şikayətlərlə məşğul olmaq üçün ombudsman təsis etmişlər. Müvafiq orqanlar həmçinin şikayətləri qəbul etmək üçün məxfi telefon və e-poçt vasitələri yaratmışlar. Müəyyən yurisdiksiyalarda nümayəndəli orqanlar narahatlıqlarını şirkətə çatdırmaq vəzifəsini öhdələrinə götürsələr də, ayrı-ayrı işçilər təkbaşına fəaliyyət göstərərkən mane ilə üzləşməməli və ya daha az müdafiə olunmamalıdır.
Vaxtında düzəlişedici tədbirlər görülmədikdə və ya qanunun pozulması ilə bağlı şikayətə mənfi təsir göstərmə riski ilə üzləşdikdə, işçilər və digər steykholderlər öz vicdanlı (bona fide) şikayətləri barədə səlahiyyətli orqanlara məlumat verməyə təşviq olunurlar. Bir çox yurisdiksiyalar həmçinin Məsuliyyətli Biznes Davranışı üzrə Çoxmillətli Müəssisələr üçün İƏİT DM Təlimatlarınının icrası ilə bağlı yaranan məsələlərlə bağlı işlərin Məsuliyyətli Biznes Davranışı üzrə müvafiq Milli Əlaqələndirici Şəxsə təqdim edilməsi imkanı verir. Şirkət bu steykholderlərə qarşı ayrı-seçkilik və ya intizam tənbehi hərəkətlərindən çəkinməlidir.
VII.D.3. İşçilərin iştirak mexanizmlərinin inkişafına icazə verilməlidir. İşçilər və digər steykholderlər korporativ idarəetmə prosesində iştirak etdikdə, onların vaxtında və müntəzəm olaraq müvafiq, kifayət qədər və etibarlı məlumata çıxış imkanı olmalıdır.
İşçilərin korporativ idarəetmədə iştirak dərəcəsi milli qanunvericilik və təcrübələrdən asılıdır və DM-dən DM-yə dəyişə bilər. Korporativ idarəetmə kontekstində iştirak mexanizmləri işçilərin firma üçün səciyyəvi bacarıqlara sərmayə qoymağa hazır olması vasitəsilə həm birbaşa, həm də dolayı yolla DM-lərə fayda verə bilər. Bu cür mexanizmlərə müəyyən əsas qərarlarda işçilərin fikirlərini nəzərə alan həmkarlar ittifaqında təmsilçilik, kollektiv və ya yerli müqavilələr və iş şuraları kimi şuralarda işçilərin nümayəndələri və idarəetmə proseslərini misal göstərmək olar. Beynəlxalq konvensiyalar və normalar işçilərin məlumat, məsləhətləşmə və danışıqlar aparmaq hüquqlarını da tanıyır. Xüsusilə, qanunlar və korporativ idarəetmə çərçivələri təcrübələri işçilərin və digər steykholderlərin iştirakını nəzərdə tutduqda, steykholderlərin öz öhdəliklərini yerinə yetirmək üçün zəruri olan məlumatlara çıxışının olması vacibdir.
Fəaliyyətin genişləndirilməsi mexanizmlərinə gəldikdə, bir çox yurisdiksiyalarda işçilərin səhm sahibliyi planları və ya digər mənfəətin bölüşdürülməsi mexanizmlərinə rast gəlmək olar. Pensiya öhdəlikləri də çox vaxt müəssisə ilə onun keçmiş və indiki işçiləri arasında münasibətlərin elementidir.
VII.D.4. Dövlət mülkiyyət subyektləri və DM-lər dövlətə məxsus sektorda dürüstlüyün yüksək standartlarını təmin etmək və DM-lərdən siyasi maliyyə, patronaj və ya şəxsi və ya əlaqəli tərəflərin zənginləşdirilməsi üçün vasitə kimi istifadə edilməməsi üçün tədbirlər görməlidirlər.
Dövlət mülkiyyəti dövlət və özəl sektorun qiymətli güzəştlər və iri dövlət satınalma layihələri vasitəsilə kəsişdiyi mədən sənayesi və infrastruktur kimi yüksək riskli sektorlarda cəmləşmişdir. Bir çox iqtisadiyyatlarda DM-lər həmçinin əsas ictimai xidmətləri göstərməyə davam edir və bəzi DM-lər iqtisadi məqsədlərə malik olmasına və bazarda rəqabət aparmasına baxmayaraq, hələ də dövlət qurumları kimi fəaliyyət göstərirlər. Faktorların bu birləşməsi DM-ləri korrupsiya və siyasi maliyyə üçün istismar, partonaj və şəxsi və ya əlaqəli tərəflərin varlanması qarşısında xüsusilə həssas edə bilər. Dövlət büdcəsinə baha başa gələn xərclər və DM-lərdə korrupsiya ilə bağlı düzgün bölüşdürülməmiş resursların fəsadları vətəndaşların dövlət qurumlarına inamını sarsıda bilər.
Dövlət mülkiyyətçiləri DM-lərin siyasi fəaliyyəti maliyyələşdirmək və siyasi kampaniyaya töhfə vermək üçün vasitə kimi istifadəsini qadağan etmək məqsədilə zəruri tədbirlər görməli və, məsələn, müvafiq reyestrdə iclas elan etməklə, DM-lərin lobbiçiliklə bağlı qanunlara riayət etmələrini gözləməlidirlər. Müvafiq tədbirlər malların və xidmətlərin satın alınması kimi digər yüksək riskli sahələri, eləcə də, inter alia: şura və rəhbər vəzifəli şəxslərin maaşları, maraq toqquşmaları, qonaqpərvərlik və əyləncə, xeyriyyə ianələri və sponsorluqlar, hədiyyələr, favoritizm, nepotizm və ya kronizm, habelə asanlaşdırma ödənişləri, tələb və qəsbi əhatə etməlidir.
Dövlət və DM-lər İƏİT-in Dövlət müəssisələrində korrupsiyaya qarşı mübarizə və dürüstlüklə bağlı DM Təlimatlarınını mümkün qədər tətbiq etməyə təşviq edilir. Oradakı müddəalar bu sənədi tamamlayır və ona əlavələr edir.