Dövlət onun mülkiyyətində olan müəssisələr üzərində nəzarəti geniş ictimaiyyətin maraqları naminə həyata keçirir. O, dövlət mülkiyyətinə haqq qazandıran əsaslandırmaları diqqətlə qiymətləndirib açıqlamalı və onları təkrar nəzərdən keçirməlidir.
Hökuməti mülkiyyət hüquqlarını həyata keçirən ictimaiyyət üzvləri DM-lərin son sahibləri olmalıdırlar. Bu, o deməkdir ki, DM-lər üzərində mülkiyyət hüquqlarını həyata keçirənlər ictimaiyyət qarşısında şuranın səhmdarlar qarşısında fidusiar vəzifələrindən fərqli olmayan vəzifələr daşıyırlar və ictimai maraqların qəyyumları kimi çıxış etməlidirlər. Yüksək şəffaflıq və hesabatlılıq standartları dövlətin öz səlahiyyətlərini cəmiyyətin ən yüksək maraqlarına uyğun olaraq həyata keçirdiyindən və DM-lərin resurslarından səmərəli, dayanıqlı şəkildə və mülkiyyət əsaslarına uyğun istifadə edildiyindən əmin olmaq məqsədilə ictimaiyyətə imkan yaratmaq üçün lazımdır.
İƏİT ölkələrində dövlət müəssisəsi mülkiyyətinin yaradılması və ya saxlanması üçün əsaslandırmalar, adətən, aşağıdakılardan birini və ya bir neçəsini əhatə edir: (1) dövlət mülkiyyətinin dövlət qurumları tərəfindən təmin edilməsindən və ya özəl operatorlarla müqavilə əsasında təmin edilməsindən daha səmərəli və ya etibarlı hesab edildiyi ictimai malların və ya xidmətlərin çatdırılması; (2) bazar tənzimlənməsinin qeyri-mümkün və ya səmərəsiz hesab edildiyi təbii inhisarların fəaliyyəti; və (3) xüsusi sənaye və ya sektorların milli mülkiyyətdə saxlanılması və ya sistem əhəmiyyətli uğursuz şirkətlərin dəstəklənməsi kimi milli maraqlara uyğun məhdud iqtisadi və strateji məqsədlərə dəstək. Bu cür əsaslandırmalar yaxşı müəyyən edilməli, təkrar nəzərdən keçirilməli və məqbul vaxt qrafikinə uyğun olmalıdır. Təkrar baxışlar müvafiq nümayəndəlik orqanları qarşısında yüksək hesabatlılıq standartları ilə tənzimlənməli və nəticələr ictimaiyyət üçün şəffaf olmalıdır. DM-lər öz fəaliyyət istiqamətləri və mülkiyyət üçün əsaslandırmalarla bağlı olmayan ictimai siyasətin məqsədləri ilə yüklənməməlidir. Məqsədlər şəffaf şəkildə qoyulmalı və yüksək hesabatlılıqla tənzimlənməlidir.
I.A. Müəssisələr üzərində dövlət mülkiyyətinin son məqsədi səmərəli və dayanıqlı şəkildə cəmiyyət üçün uzunmüddətli dəyəri maksimuma çatdırmaq olmalıdır.
DM-lərə təyin olunan rollar və dövlət müəssisəsinin mülkiyyəti üçün əsaslandırmalar yurisdiksiyalar arasında köklü şəkildə fərqlənir. Bununla belə, qabaqcıl təcrübə hökumətləri istənilən müəssisənin öz səhmdarları və onun əsas sahibləri olan ictimaiyyət üzvləri üçün səmərəli və dayanıqlı şəkildə necə uzunmüddətli dəyər əlavə etdiyini nəzərə almağa və izah etməyə çağırır. Dövlət mülkiyyətində olan müəssisənin yaradılması və ya saxlanılması barədə qərar qəbul etmək məqsədilə hökumətlər alternativ mülkiyyət və ya tənzimləmə, subsidiyalar, vergilər, dövlət satınalmaları, güzəştlər və ya dövlət orqanlarının yaradılması kimi tədbirlər vasitəsilə ictimaiyyətin xeyrinə resursların daha səmərəli bölüşdürülməsinin mümkün olub-olmadığını düşünməlidirlər.
DM-lərin ictimai siyasətin məqsədlərinə, o cümlədən ictimai xidmət öhdəliklərini yerinə yetirməklə nail olacağı gözlənildiyi hallarda, bir sıra səmərəlilik mülahizələri tətbiq edilir. Xidmətlər səmərəli, şəffaf və dayanıqlı şəkildə təmin edildikdə və eyni fiskal resurslardan heç bir alternativ istifadənin daha yaxşı xidmətlərlə nəticələnə bilməyəcəyi təqdirdə ictimaiyyətə ən yaxşı xidmət göstərilir. Bu cür mülahizələr, ictimai siyasətin məqsədləri, o cümlədən ictimai xidmət öhdəlikləri üçün dövlət müəssisələri kimi DM-lərə etibar etməkdə siyasətçilərin seçimlərini istiqamətləndirməlidir. DM-lər iqtisadi fəaliyyətlə məşğul olduqda, onlar dayanıqlı şəkildə uzunmüddətli dəyəri maksimum dərəcədə artırmaqla və milli xəzinə üçün adekvat gəlir axını yaratmaqla ictimai maraqlara xidmət edirlər.
I.B. Hökumət mülkiyyət siyasəti işləyib-hazırlamalıdır. Siyasət, inter alia, dövlət mülkiyyətinin ümumi əsaslandırmalarını və məqsədlərini, dövlətin və digər səhmdarların DM-lərin idarə edilməsində rolunu, habelə dövlətin öz mülkiyyət siyasətini necə həyata keçirəcəyini və onun həyata keçirilməsində iştirak edən dövlət idarələrinin müvafiq rol və vəzifələrini müəyyən etməlidir.
Dövlətin özünü mülkiyyətçi kimi aydın şəkildə göstərməsi üçün, ardıcıl və açıq mülkiyyət siyasəti işləyib-hazırlamaqla dövlət mülkiyyətinə dair əsaslandırmalarını aydınlaşdırmalı və prioritetləşdirməlidir. Mülkiyyət siyasəti ideal olaraq qısa, yüksək səviyyəli siyasət sənədi formasını almalıdır. Bu sənəddə dövlət müəssisəsi üzərində mülkiyyət və fərdi (ana) DM-lər üçün ümumi əsaslandırmalar və məqsədlər, dövlətin və digər səhmdarların DM-lərin idarə edilməsində rolu, dövlətin mülkiyyət siyasətini necə həyata keçirəcəyi və onun həyata keçirilməsində iştirak edən həmin hökumət idarələrinin rol və vəzifələri əks olunur. Bəzi yurisdiksiyalarda dövlətin mülkiyyətçi kimi rolu ilə bağlı digər aspektləri də əhatə edən hüquqi çərçivədə mülkiyyət və mülkiyyət siyasətinin əsaslandırılması zəruri ola bilər.
Mülkiyyət siyasəti ictimaiyyətə və hökumətin mülkiyyət hüquqlarını həyata keçirən və ya dövlətin mülkiyyət siyasətinin həyata keçirilməsində başqa şəkildə iştirak edən bütün hissələrinə çatdırılmalıdır. Bu, DM-lərə, bazara və geniş ictimaiyyətə proqnozlaşdırıla bilənlik və dövlətin mülkiyyətçi kimi ümumi məqsədləri və səhmdar kimi rolu haqqında aydın anlayış təmin edəcəkdir. Mülkiyyət siyasəti asanlıqla əldə edilə bilən rəqəmsal formatda mövcud olmalıdır.
Mülkiyyət siyasəti, inter alia, DM portfelini müəyyən etməli, dövlətin mülkiyyətçi kimi məqsədlərini (məsələn, uzunmüddətli dəyər yaratmaq, ictimai siyasətin məqsədlərinə nail olmaq), strateji məqsədlərini (məsələn, müəyyən sənayeləri milli mülkiyyətdə saxlamaq) və ya iqtisadi, ekoloji və sosial məqsədlərini əhatə etməlidir. Dövlət mülkiyyətinin əsaslandırmasına qərar vermək dövlətin vəzifəsidir; istənilən halda, onlar hər bir DM üçün aydın şəkildə müəyyən edilməlidir. Dövlətin DM portfeli ilə bağlı məqsədlərinin səviyyəli oyun sahəsi ilə kəsişdiyi hallarda dövlət yumşaldıcı tədbirlər vasitəsilə hər hansı təhrifi məhdudlaşdırmalı və bərabər şəraitdə mümkün təhriflərin əsaslandırılmasını, onlara haqq qazandırılmasını və onların əhatə dairəsini tam açıqlamalıdır (xüsusilə də onlar xarici rəqiblərə mənfi təsir göstərə bilərsə). Güzəştli rəftarın müəyyən edilməsi və qarşısının alınması üçün yüksək səviyyəli şəffaflıq vacibdir.
Bundan əlavə, mülkiyyət siyasətində mülkiyyət hüquqlarının dövlət idarəetməsi daxilində necə həyata keçirildiyi, o cümlədən mülkiyyət subyektinin mandatı və əsas funksiyaları, dövlət mülkiyyətini həyata keçirən bütün dövlət qurumlarının rol və vəzifələri barədə daha ətraflı məlumat olmalıdır. O, həmçinin DM-lərə tətbiq olunan hər hansı siyasət, qanun və qaydaların əsas elementlərinə, habelə mülkiyyət hüququnun dövlət tərəfindən həyata keçirilməsini diqqətə çatdıran hər hansı əlavə təlimatlara istinad etməli və onları sintez etməlidir. Müvafiq olduqda, dövlət həmçinin öz islahat prioritetləri və/və ya DM-lərin özəlləşdirilməsi ilə bağlı siyasət və planlar haqqında məlumatları əhatə etməli və ideal olaraq siyasətin tətbiq olunduğu DM-lərin siyahısını müəyyən etməlidir.
Dövlət mülkiyyəti üçün çoxsaylı və ziddiyyətli və ya qeyri-müəyyən əsaslandırmalar və ya məqsədlər mülkiyyət funksiyalarının ya çox passiv şəkildə aparılmasına gətirib çıxara, ya da əksinə, dövlətin DM-lərə həvalə edilməli olan məsələ və ya qərarlara həddindən artıq müdaxiləsi ilə nəticələnə bilər.
I.C. Mülkiyyət siyasəti müvafiq nümayəndəlik orqanları qarşısında müvafiq hesabatlılıq prosedurları ilə tənzimlənməli və geniş ictimaiyyətə açıqlanmalıdır. Hökumət mütəmadi olaraq mülkiyyət siyasətini nəzərdən keçirməli və onun icrasını qiymətləndirməlidir.
Mülkiyyət siyasəti ideal olaraq müvafiq mülkiyyət subyekti tərəfindən ümumhökumət səviyyəsində hazırlanmalıdır. Dövlətin mülkiyyət siyasətinin işlənib-hazırlanması və yenilənməsi zamanı hökumətlər geniş ictimaiyyətin və ya onun nümayəndələrinin məlumatlandırılmasını və rəyini tələb etməyi əhatə edən ictimai məsləhətləşmələrdən müvafiq qaydada istifadə etməlidirlər. Onlar, inter alia, özəl sektor nümayəndələri, o cümlədən investorlar və bazar xidməti təminatçıları və həmkarlar ittifaqı nümayəndələri ilə hərtərəfli məsləhətləşməlidirlər. İctimai məsləhətləşmələrdən səmərəli və erkən istifadə bazar iştirakçıları və əsas steykholderlər tərəfindən mülkiyyət siyasətinin qəbulunu asanlaşdırmaqda və şəffaflığın artırılmasında mühüm rol oynaya bilər. Mülkiyyət siyasətinin işlənib-hazırlanması həmçinin bütün aidiyyəti dövlət qurumları, məsələn, müvafiq qanunvericilik və ya parlament komitələri, dövlət audit institutu, habelə müvafiq nazirliklər və tənzimləyici orqanlarla məsləhətləşmələri əhatə edə bilər.
Mülkiyyət siyasəti geniş ictimaiyyət üçün əlçatan olmalı və müvafiq nazirliklər, agentliklər, DM idarəetmə orqanları, rəhbərlik və qanunverici orqanlar arasında geniş şəkildə yayılmalıdır. Müvafiq nümayəndəlik orqanlarına düzgün nəzarət və hesabatlılıq mexanizmlərinə, məsələn, qanunvericiliyin müntəzəm təsdiqi və dövri yoxlamaların təmin edilməsi kimi mexanizmlərə etibar etməklə dövlətin öhdəliyi daha da gücləndirilə bilər.
Dövlət öz mülkiyyət siyasətində ardıcıl olmağa çalışmalı və dövlət mülkiyyətinə dair ümumi əsaslandırmaları tez-tez dəyişdirməkdən çəkinməlidir. Bununla belə, əsaslandırmalar və məqsədlər zamanla inkişaf edə bilər ki, bu halda da mülkiyyət siyasəti müvafiq olaraq yenilənməlidir. Milli kontekstdən asılı olaraq, bunun ən yaxşı yolu dövlət büdcəsi proseslərinin, ortamüddətli fiskal planların və ya seçki dövrünə uyğun olaraq DM üzərində mülkiyyətin nəzərdən keçirilməsi və ya yenidən qiymətləndirilməsini əhatə edə bilər. Bu cür baxışlar mülkiyyət siyasətinin həyata keçirilməsinin qiymətləndirilməsinə əsaslana və DM-lərin müqayisə və bençmarkinqlərinin aparılması, kənar qiymətləndirmədən istifadə edilməsi və siyasətin özünün şəffaf məqsədlər üzərində qurulmasının təmin edilməsini əhatə edə bilər. Qiymətləndirmə həm də dövlət mülkiyyətinin hələ də ictimai maraqları qorumaq üçün ən yaxşı vasitə olub-olmadığını nəzərə almalıdır.
Mülkiyyət siyasətindəki hər hansı dəyişiklik, o cümlədən xüsusi xarakterli dəyişikliklər, yeniləməyə ehtiyacın arxasında duran əsaslnadırmalar daxil olmaqla, dəyişiklik zamanı tam və şəffaf şəkildə açıqlanmalıdır.
İstənilən xüsusi müdaxilədən ümumiyyətlə qaçınmaq lazımdır, lakin onlar, məsələn, fövqəladə hökumət dəstəyi halında zəruri ola bilər. Bu halda, mülkiyyət siyasətlərində uzunmüddətli əsaslandırma olmadan fövqəladə tədbirlərin daha uzunmüddətli struktur dəstəyinə çevrilməməsinə diqqət yetirilməli, habelə qısamüddətli böhran vəziyyətlərinə cavab tədbirlərinin orta və uzunmüddətli perspektivdə rəqabət və ticarət üçün gözlənilməz və əsassız mənfi təsirlərlə nəticələnməməsi təmin edilməlidir. Hökumətlər qabaqcıl beynəlxalq təcrübələrdən istifadə etməli və dövlət dəstəyi ilə bağlı beynəlxalq müqavilələrə uyğun hərəkət etməlidirlər. Böhran tədbirləri dürüstlüyü və şəffaflığı qorumalı və tədbirin əvvəlindən müdaxilənin nəzərdən keçirilməsini nəzərdə tutmaqla fövqəladə hal aradan qalxdıqdan sonra çıxış planını təmin etməlidir.
I.D. Dövlət ayrı-ayrı DM-lərə sahib olmaq üçün əsaslandırmaları müəyyən etməli və onları təkrar nəzərdən keçirməlidir. Mülkiyyətin əsaslandırılması və ayrı-ayrı DM-lərin və ya DM qruplarının əldə etmələri tələb olunan ictimai siyasətin məqsədləri onların əsas fəaliyyət istiqamətləri ilə aydın şəkildə əlaqələndirilməli, müvafiq orqanlar tərəfindən mandat verilməli və ictimaiyyətə açıqlanmalıdır.
Ayrı-ayrı müəssisələrə sahib olmaq üçün əsaslandırmalar (və ya vəziyyətə uyğun olaraq, müəssisə sinifləri) fərqli ola bilər. Məsələn, bəzən müəyyən müəssisə qrupları mühüm ictimai xidmət öhdəliklərini yerinə yetirdiklərinə görə dövlət mülkiyyətində olurlar, digərləri isə strateji səbəblərə görə və ya təbii inhisar xüsusiyyətlərinə malik sektorlarda fəaliyyət göstərdiklərinə görə dövlət mülkiyyətində qalırlar. Onların dövlət mülkiyyətində saxlanmasının əsasını təşkil edən müvafiq əsaslandırmaları aydınlaşdırmaq üçün bəzən həmin DM-ləri ayrı-ayrı kateqoriyalara təsnifləndirmək və müvafiq olaraq əsaslandırmalarını müəyyən etmək faydalı ola bilər. Bu cür əsaslandırmalar təkrar nəzərdən keçirilməli və ictimaiyyətə açıqlanmalıdır. Belə əsaslandırmalar DM-lərin təsis sənədlərində və normativ-hüquqi sənədlərdə aşkar oluna bildikdə, dövlət, mülkiyyətçi olaraq, bu sənədlərin adekvat şəkildə açıqlanmasını təmin etməlidir.
Bəzən DM-lərdən ictimai siyasətin məqsədlərinə nail olmaları gözlənilir. Bu məqsədlərə aydın şəkildə mandat verilməli, onlar milli qanun və qaydalara uyğunlaşdırılmalı və əsas fəaliyyət istiqamətləri ilə aydın şəkildə əlaqələndirilməlidir. Bundan əlavə, ictimai siyasətin məqsədlərinin fayda verməsi nəzərdə tutulan ictimai maraqlar aydın və şəffaf olmalıdır. Ictimai siyasətin məqsədləri həmçinin korporativ nizamnamələrə daxil edilə və sonradan DM-lər tərəfindən onların öz korporativ strategiyalarına köçürülə bilər. Bazar, qeyri-dövlət səhmdarları və geniş ictimaiyyət bu öhdəliklərin mahiyyəti və həcmi, habelə onların DM-lərin resurslarına və iqtisadi göstəricilərinə ümumi təsiri, mümkün olduqda isə bazara təsiri barədə aydın şəkildə məlumatlandırılmalıdır.
Ölkələr DM-lərə xüsusi ictimai siyasətin məqsədlərini çatdırmaq səlahiyyətinə malik olan hakimiyyət orqanları baxımından fərqlənirlər. Bəzi hallarda yalnız mülkiyyət subyekti bu səlahiyyətə malikdir. Digərlərində isə qanunverici orqan bu cür öhdəlikləri qanunvericilik prosesi vasitəsilə müəyyən edə bilər. Sonuncu halda qanunverici orqanla DM üzərində mülkiyyətdən məsul olan dövlət orqanları arasında müvafiq məsləhətləşmə və hesabatlılıq mexanizmlərinin yaradılması, adekvat koordinasiyanın təmin edilməsi və mülkiyyət subyektinin muxtariyyətinə xələl gətirməməsi vacibdir.