Dövlət məlumatlı və fəal mülkiyyətçi kimi fəaliyyət göstərməli, dövlət müəssisələrinin idarə edilməsinin şəffaf və hesabatlı şəkildə, yüksək peşəkarlıq və effektivliklə həyata keçirilməsini təmin etməlidir.
II.A. Hökumətlər DM-lərin fəaliyyət göstərdiyi hüquqi formaları sadələşdirməli və standartlaşdırmalıdırlar. Onların fəaliyyət təcrübələri ümumi qəbul edilmiş korporativ normalara uyğun olmalıdır.
II.B. Dövlət mülkiyyətçilərin gözləntilərini dəqiq müəyyən etməli, DM-lərə onlara nail olmaq üçün tam fəaliyyət muxtariyyətinə imkan verməli və DM-lərin idarə olunmasına müdaxilə etməkdən çəkinməlidir. Dövlət, səhmdar olaraq, DM-nin gözləntilərini şəffaf şəkildə və yalnız missiyada əsaslı şəkildə dəyişikliyin olduğu hallarda yenidən müəyyən etməlidir.
II.C. Dövlət DM-lərin idarəetmə orqanlarına öz vəzifələrini yerinə yetirməyə icazə verməli və onların müstəqilliyinə hörmət etməlidir. Mülkiyyət subyekti DM-lərin ən yüksək idarəetmə orqanı ilə və adətən sədr vasitəsilə əlaqə yaratmaq üçün müvafiq çərçivələr yaratmalı və saxlamalıdır.
II.D. Mülkiyyət hüquqlarının həyata keçirilməsi dövlət idarəçiliyi daxilində aydın şəkildə müəyyən edilməli və vahid mülkiyyət subyektində mərkəzləşdirilməlidir. Bu mümkün deyilsə, müvafiq mülkiyyət funksiyaları bütövlükdə hökumət əsasında fəaliyyət göstərmək üçün aydın mandatı olan təyin edilmiş orqan tərəfindən əlaqələndirilməlidir.
II.E. Mülkiyyət subyekti öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək üçün imkan və səlahiyyətlərə malik olmalı və müvafiq nümayəndəlik orqanları qarşısında cavabdeh olmalıdır. Onun müvafiq dövlət qurumları ilə dəqiq müəyyən edilmiş və şəffaf əlaqələri olmalıdır.
II.F. Dövlət məlumatlı və fəal mülkiyyətçi kimi çıxış etməli və öz mülkiyyət hüquqlarını hər bir müəssisənin hüquqi strukturuna uyğun olaraq, onun müvafiq mülkiyyət və ya nəzarət dərəcəsindən asılı olaraq həyata keçirməlidir. Mülkiyyət subyektinin əsas vəzifələrinə aşağıdakılar daxildir:
II.F.1. Səhmdarların ümumi yığıncaqlarında təmsil olunmaq və səsvermə hüquqlarını səmərəli şəkildə həyata keçirmək.
II.F.2. Şuraya namizədlik proseslərini yaxşı strukturlaşdırılmış, layiqlilik prinsipinə əsaslanan və şəffaf formada qurmaq və qoruyub saxlamaq , bütün DM-lərin idarəetmə orqanlarına namizədlikdə fəal iştirak etmək, gender və digər formalarda şura və idarəetmə müxtəlifliyinə töhfə vermək.
II.F.3. Maliyyə hədəfləri, kapital strukturu məqsədləri, risklərə dözümlülük səviyyələri və dövlətin mülkiyyət əsaslandırmalarına uyğun dayanıqlılıq daxil olmaqla, DM-lər üçün geniş səlahiyyət və gözləntilərin həyata keçirilməsini müəyyən etmək və izləmək.
II.F.4. Mülkiyyət subyektinə DM-nin fəaliyyətini mütəmadi olaraq izləmək və qiymətləndirmək və onların müvafiq korporativ idarəetmə standartlarına, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə uyğunluğunu müşahidə etmək və izləmək imkanı verən hesabat sistemləri qurmaq.
II.F.5. Hansı məlumatların ictimaiyyətə açıqlanmalı olduğunu, məlumatların açıqlanması üçün müvafiq kanalları və məlumatın keyfiyyətinin təmin edilməsi mexanizmlərini müəyyən edən DM-lər üçün məlumatların açıqlanması siyasəti işləyib-hazırlamaq.
II.F.6. Müvafiq olduqda və hüquq sistemi və dövlətin mülkiyyət səviyyəsi icazə verdikdə, kənar auditorlar və xüsusi dövlət nəzarəti orqanları ilə davamlı dialoq aparmaq.
II.F.7. Mülkiyyət hüquqlarının birlikdə hərəkət edən bir neçə mülkiyyət subyektinə ayrılması halında onların koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək.
II.F.8. Müəssisənin uzunmüddətli və ortamüddətli marağını gücləndirən və ixtisaslı mütəxəssisləri cəlb edə və həvəsləndirə bilən DM idarəetmə orqanları üçün aydın və şəffaf ümumi mükafatlandırma siyasəti müəyyən etmək.