İƏİT-nin “Dövlət müəssisələrində Korporativ İdarəetmə” Təlimatları (DM Təlimatları) dövlət müəssisələrində (DM-lər) korporativ idarəetmə üçün aparıcı beynəlxalq standartdır. O, siyasəti müəyyən edən orqanlara dövlət müəssisələri (DM-lər) üzərində mülkiyyət və idarəetmə üçün hüquqi, tənzimləyici və institusional bazanı qiymətləndirmək və təkmilləşdirməkdə kömək etmək üçün konkret təlimatlar verir. Onlar peşəkar mülkiyyət və idarəetməni təmin etmək üçün əsas struktur elementlərini müəyyən edir və milli səviyyədə həyata keçirilməsi üçün praktiki təlimatlar təklif edirlər.
İlk dəfə 2005-ci ildə qəbul edilmiş və 2015-ci ildə yenidən nəzərdən keçirilmiş DM Təlimatları korporativ idarəetmədə son təkamüllər fonunda və ən son İƏİT standartlarını və qabaqcıl təcrübələri əks etdirərək 2024-cü ildə yenidən nəzərdən keçirilmişdir. Yenidən nəzərdən keçirilmiş DM Təlimatları İƏİT Şurası tərəfindən nazirlər səviyyəsində 2024-cü ilin may ayında qəbul edilmişdir (DM Təlimatları İƏİT-in Dövlət müəssisələrinin korporativ idarəetmə təcrübələrinə dair Təklifində [OECD/LEGAL/0414] əks olunmuşdur). Onlar G20/İƏİT Korporativ İdarəetmə Prinsiplərini və İƏİT-in “Dövlət müəssisələrində korrupsiyaya qarşı mübarizə və dürüstlüyə dair” Təlimatlarını tamamlayır.
Yenidən nəzərdən keçirilmiş DM Təlimatları qlobal səviyyədə rəqabət mühitini və dürüstlük və işgüzar davranışın yüksək standartlarını qorumaqla DM-lərin dayanıqlılığa, iqtisadi təhlükəsizliyə və davamlılığa töhfə verməsini təmin etmək məqsədi daşıyır. Onlara “Dövlət müəssisələri və dayanıqlılıq” üzrə yeni Fəsil daxildir ki, bu da DM-lərin və onların mülkiyyətçilərinin iqlimlə bağlı və digər dayanıqlılıq fürsətləri və risklərini nəzərə almaqla necə nümunə göstərə biləcəyinə dair təkliflər verir. Bu yeni Fəsil həmçinin DM Təlimatlarının əvvəlki variantının "Steykholderlərlə (maraqlı tərəfıər?) münasibətləri və məsuliyyətli biznes" üzrə V Fəslini özündə birləşdirir. DM Təlimatlarının strukturu başqa cür dəyişməz qalan mövcud fəsillərinə xeyli sayda yeni təkliflər də daxil edilmişdir. Bundan əlavə, “Tətbiqi və anlayışlar” bölməsi DM Təlimatlarının həyata keçirilməsi üçün müvafiq olan əsas anlayışları və tərifləri daha ətraflı izah edir.
DM Təlimatlarının 2024-cü ildə yenidən nəzərdən keçirilməsi cənab Çarlz Donaldın sədrliyi ilə İƏİT-in Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupu tərəfindən həyata keçirilib. İƏİT-ə Üzv və Tərəfdaş ölkələr inklüziv və şəffaf baxış prosesinə fəal şəkildə töhfə veriblər. İƏİT-in Asiya və Latın Amerikası üzrə regional DM dəyirmi masalarından, İƏİT-də Biznesdən (BIAC) və Həmkarlar İttifaqları Məsləhət Komitəsindən (TUAC) mühüm töhfələr alınıb. Baxış prosesi həmçinin maraqlı tərəflərin və siyasət icmalarının geniş dairəsinin töhfələrindən faydalanıb. Onlayn ictimai məsləhətləşmə və maraqlı tərəflərlə hibrid məsləhətləşmə aparılıb və baxış prosesinə müvafiq beynəlxalq təşkilatların, xüsusilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı Qrupu və Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri cəlb olunub.
İƏİT və müvafiq maraqlı tərəflər yenidən nəzərdən keçirilmiş DM Təlimatlarının qlobal miqyasda effektiv icrasını təşviq etmək və monitorinqini aparmaq üçün səy göstərəcəklər. Buraya onların həyata keçirilməsi üzrə siyasət dialoqunun təşviqi, ölkə və həmkarlar arasında təhlillərin aparılması və çox sayda ölkədə DM Təlimatlarının icrasını qiymətləndirən Dövlət müəssisələri üzərində mülkiyyət və idarəetmə hesabatının müntəzəm olaraq dərc edilməsi daxildir.