Korporativ idarəetmə çərçivəsi dövlət mülkiyyət subyektləri və DM-lər üçün qərarlar qəbul etmək və öz risklərini idarə etmək üçün DİM-lərin dayanıqlılıq və davamlılığına töhfə verəcək və uzunmüddətli dəyər yaradılmasını təmin edəcək şəkildə stimullar təmin etməlidir. Dövlətin dayanıqlılıq məqsədlərinin olduğu hallarda dövlət bir mülkiyyətçi kimi DM-lər üçün konkret və iddialı, dayanıqlılıqla bağlı gözləntilər, o cümlədən şuranın rolu, açıqlama, şəffaflıq və məsuliyyətli biznes davranışı ilə bağlı gözləntilər müəyyən etməlidir. Mülkiyyət siyasəti DM-lərin steykholderlər qarşısında məsuliyyətini tam tanımalıdır.
VII.A. Dövlətin dayanıqlılıq məqsədlərini müəyyən etdiyi hallarda onlar dövlətin mülkiyyət siyasəti və təcrübələrinin tərkib hissəsi olmalıdır. Buraya aşağıdakılar daxildir:
VII.A.1. Mülkiyyət siyasəti və təcrübələrinə uyğun gələn DM-lər üçün dayanıqlılıqla bağlı konkret və iddialı gözləntilərin müəyyən edilməsi. Bunu edərkən dövlət bütün səhmdarların hüquqlarına hörmət etməli və onlarla ədalətli rəftar etməlidir.
VII.A.2. Şuralarla müntəzəm dialoq vasitəsilə dövlətin dayanıqlılığa dair gözləntilərinin diqqətə çatdırılması və aydınlaşdırılması.
VII.A.3. DM-lərin dayanıqlılıqla bağlı gözləntilərə uyğunluğunun və fəaliyyət göstəricilərinin mütəmadi olaraq qiymətləndirilməsi, monitorinqi və hesabatda bildirilməsi.
VII.B. Dövlət DM idarəetmə orqanlarından öz əsas funksiyalarını yerinə yetirərkən dayanıqlılıq risklərini və imkanlarını adekvat şəkildə nəzərə almalarını gözləməlidir. Müəssisə səviyyəsində dayanıqlılığın effektiv şəkildə idarə edilməsini təmin etmək üçün aşağıdakı ilkin şərtlər vacibdir:
VII.B.1. DM idarəetmə orqanları korporativ strategiyanın bir hissəsi kimi dayanıqlılıqla bağlı əhəmiyyətli məqsəd və hədəflərin işlənib-hazırlanması, həyata keçirilməsi və açıqlanmasına nəzarət etməli və onları istiqamətləndirməlidir.
VII.B.2. DM-lər dayanıqlılıq mülahizələrini risk menecment və daxili nəzarət sistemlərinə, o cümlədən riskə əsaslanan lazımi araşdırma aparmaqla inteqrə etməlidirlər.
VII.B.3. DM idarəetmə orqanları idarəetmə fəaliyyətini qiymətləndirərkən və monitorinq edərkən dayanıqlılıq məsələlərini nəzərə almalıdır.
VII.C. Dövlət DM-lərdən ardıcıl, müqayisə edilə bilən və etibarlı məlumatlara əsaslanan müvafiq dayanıqlılıq hesabatı və məlumatların açıqlanması tələblərinə tabe olmalarını gözləməlidir:
VII.C.1. Dayanıqlılıqla bağlı hesabatlar və açıqlamalar bazar, yurisdiksiya və şirkətlər arasında ddayanıqlılıqla bağlı açıqlamaların ardıcıllığı və müqayisəliliyini asanlaşdıran yüksək keyfiyyətli və beynəlxalq səviyyədə tanınmış standartlara uyğunlaşdırılmalıdır.
VII.C.2. Müstəqil, səriştəli və ixtisaslı attestasiya xidmət təminatçısı tərəfindən yüksək keyfiyyətli və beynəlxalq səviyyədə tanınmış təminat standartlarına uyğun olaraq illik təminat sertifikatlarına dair tələblərin mərhələli şəkildə həyata keçirilməsi nəzərə alınmalıdır.
VII.D. Dövlət bir mülkiyyətçi kimi DM-lərin məsuliyyətli biznes davranışı standartlarına riayət etməsinə dair yüksək gözləntilər və onların tətbiqi üçün effektiv mexanizmlər müəyyən etməli, DM-lərin steykholderlər qarşısında vəzifələrini tam tanımalı və DM-lərin steykholderlərlə münasibətləri barədə hesabat verməsini tələb etməlidir. Bu cür mülkiyyətçinin gözləntiləri açıq və şəffaf şəkildə ictimaiyyətə açıqlanmalıdır. Xüsusilə:
VII.D.1. Hökumətlər, dövlət mülkiyyət subyektləri və DM-lər steykholderlərin qanunla və ya qarşılıqlı razılaşmalarla müəyyən edilmiş hüquqlarını tanımalı və onlara hörmət etməlidir. Steykholderlərin maraqlarının qanunla qorunduğu hallarda işçi qüvvəsi və digər steykholderlər öz hüquqlarının pozulmasına görə məqbul qiymətə və həddindən artıq gecikmə olmadan səmərəli kompensasiya əldə etmək imkanına malik olmalıdırlar.
VII.D.2. DM-lər dayanıqlılığın inkişaf etdirilməsi və ədalətli keçidin təmin edilməsində steykholderlərin, xüsusən də müəssisənin fəaliyyətində marağı ola biləcək və ya onların təsirinə məruz qala biləcək şəxslərdən və ya qruplardan mənalı iştirakı inkişaf etdirməli və təşviq etməlidir.
VII.D.3. İşçilərin iştirak mexanizmlərinin inkişafına icazə verilməlidir. İşçilər və digər steykholderlər korporativ idarəetmə prosesində iştirak etdikdə, onların vaxtında və müntəzəm olaraq müvafiq, kifayət qədər və etibarlı məlumata çıxış imkanı olmalıdır.
VII.D.4. Dövlət mülkiyyət subyektləri və DM-lər dövlətə məxsus sektorda dürüstlüyün yüksək standartlarını təmin etmək və DM-lərdən siyasi maliyyə, patronaj və ya şəxsi və ya əlaqəli tərəflərin zənginləşdirilməsi üçün vasitə kimi istifadə edilməməsi üçün tədbirlər görməlidirlər.