DM-nin təsvir edilməsi. Milli qanunvericiliklə müəssisə kimi tanınan və dövlətin mülkiyyətə malik olduğu və ya nəzarəti həyata keçirdiyi istənilən müəssisə DM kimi qəbul edilməlidir. Buraya səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər və paylarla məhdudlaşmış ortaqlıqlar daxildir. Bundan əlavə, hüquqi şəxs statusu konkret qanunvericiliklə müəyyən edilmiş və xüsusi qanunvericlik aktı ilə təsis edilmiş korporasiyalar, onların məqsədi və fəaliyyəti, yaxud fəaliyyətinin böyük hissəsi iqtisadi xarakter daşıyırsa, DM hesab edilməlidir.
Mülkiyyət və ya nəzarət. DM Təlimatları dövlətin mülkiyyətində və/və ya nəzarətində olan DM-lərə şamil edilir. Mülkiyyət payda birbaşa çoxluğu nəzərdə tutur r və nəzarət mövcud olduqda, birbaşa və dolayı mülkiyyətin digər növlərini əhatə edir. Nəzarət o halda həyata keçirilə bilər ki, mülkiyyət subyekti (və ya birgə fəaliyyət göstərən bir neçə mülkiyyət subyekti):
Nəzarətin ekvivalent dərəcəsi həlledici təsir göstərən müxtəlif hüquqi və ya faktiki tədbirlərdən irəli gələ bilər. Buraya hüquqi müddəalar, korporativ nizamnamələr və ya müəssisə üzərində davamlı dövlət nəzarətini təmin edən özəl və ya ictimai hüquq çərçivəsində tədbirlər, o cümlədən dövlətin həlledici təsirinə malik məsələlərə veto hüququ daxildir. Buna dövlətin direktorlar şurası və ya ekvivalent idarəetmə orqanı üzvlərinin əksəriyyətini təyin etmək, yaxud Baş icraçı direktoru təyin etmək səlahiyyətinə malik olduğu, yaxud da başqa vasitələrlə müəssisənin maddi qərar qəbul etməsinə nəzarət edə bildiyi halları misal göstərmək olar. Nəzarət həmçinin mülkiyyət hüququndan və ya aktivlərinin bütün və ya əhəmiyyətli hissəsindən istifadə hüququndan güzəştli və uzunmüddətli istifadə yolu ilə, müstəsna hallarda isə müəssisənin kommersiya xarakterli və ya digər qərarlarına həlledici təsir göstərən hüquqlar və ya müqavilələr vasitəsilə həyata keçirilə bilər.
Dövlətin belə həlledici təsiri həyata keçirib-keçirməməsinə, konkret nümunənin bütün halları nəzərə alınmaqla, ayrı-ayrılıqda baxılmalı ola bilər. Məsələn, xüsusi hüquqların, səhmlərin və ya qanuni müddəaların (bəzi yurisdiksiyalarda "qızıl səhm" kimi istinad olunur) nəzarəti təşkil edib-etməməsi onun dövlətə verdiyi səlahiyyətlərin həcmindən asılıdır. Həmçinin, əgər əlavə amillər müəssisəyə dövlət tərəfindən nəzarət olunduğunu göstərirsə, məsələn, korporativ və ya səhmdar strukturlar dövlətə effektiv nəzarət təsirini təmin edərsə (məsələn, səhmdar müqavilələri vasitəsilə) və ya birbaşa və dolayı səhm paylarının nəzarəti həyata keçirmək üçün birləşdiyi hallarda, dövlət tərəfindən minoritar mülkiyyət DM Təlimatları ilə əhatə olunmuş hesab edilə bilər. Dövlətin müəssisəyə verdiyi inhisar hüquqları bəzi hallarda dövlətin de-fakto nəzarəti ilə nəticələnə bilər. Əksinə, bona fide (vicdanlı) tənzimləmə yolu ilə həyata keçirilən korporativ qərarlara dövlətin təsiri, adətən, nəzarət hesab edilmir.
Yuxarıdakı meyarların əhatə etmədiyi və hökumətin dolayısı ilə aktiv menecerləri və ya pensiya fondları kimi institusional investorlar vasitəsilə səsvermə hüquqlarını təhvil verdiyi müəssisələr də DM hesab edilməyəcək. Bu DM Təlimatlarının məqsədləri üçün, müflisləşmə, ləğvetmə, himayədə (conservatorship) və ya idarəetmədə olan (eceivership) məhdud və dəqiq müəyyən edilmiş müddətə hökumətin mülkiyyətində və ya nəzarətində olan müəssisələr, adətən, DM hesab edilmir. Dövlət nəzarətinin həyata keçirilməsinin müxtəlif üsulları da müxtəlif idarəetmə məsələlərinin ortaya çıxmasına səbəb olacaqdır. Bu DM Təlimatlarında "dövlət" termini dövlətin mülkiyyətində və ya nəzarətində olan, "DM" termini isə, başqa cür göstərilmədikcə, dövlət mülkiyyətində və ya nəzarətində olan müəssisə kimi başa düşülür.
Korporativ qrup strukturları. DM-lər həmçinin ana DM-lər və ya oxşar hüquqi şəxs və ya dövlətə məxsus holdinq şirkəti kimi korporativ qrup strukturları vasitəsilə də dövlətin mülkiyyətində və ya nəzarətində ola bilər. Korporativ qrup strukturunda nəzarətin müəyyən edilməsi hər bir səviyyədə müəyyənləşdirilməlidir və bu, ətraflı qiymətləndirmə tələb edə bilər. Korporativ qrup strukturlarında ana DM-nin hüquqları hər hansı ana şirkətin (özəl və ya ictimai) törəmə müəssisələrinə sahib olduğu hüquqlara bənzəyir. Belə hallarda, DM Təlimatlarının "mülkiyyət subyektləri" ilə bağlı bəzi müddəaları birbaşa dövlətə deyil, ana DM-lərə şamil ediləcəkdir. Bu, hər bir halda annotasiyalarda göstərilir.
İqtisadi fəaliyyət. İqtisadi fəaliyyət müəyyən bir bazarda mal və ya xidmətlərin təklif edilməsini nəzərdə tutan və ən azı prinsipcə mənfəət əldə etmək üçün özəl operator tərəfindən həyata keçirilə bilən fəaliyyətdir. Bazar strukturu (yəni rəqabət, oliqopoliya və ya inhisarla xarakterizə olunub-olunmaması) fəaliyyətin iqtisadi olub-olmadığını müəyyən etmək üçün həlledici deyil. Hökumət tərəfindən qoyulan məcburi istifadəçi haqları, adətən, bazarda mal və xidmətlərin satışı kimi qəbul edilməməlidir. İqtisadi fəaliyyət daha çox digər müəssisələrlə rəqabətin mövcud olduğu və ya mövcud qanun və qaydalar əsasında rəqabətin yarana biləcəyi bazarlarda baş verir.
Kommersiya mülahizələri. "Kommersiya mülahizələri" dedikdə qiymət, keyfiyyət, mövcudluq, satışa yararlılıq, daşınma və digər alqı-satqı şərt və müddəaları, yaxud da müvafiq biznes və ya sənayedə bazaryönümlü şəraitdə fəaliyyət göstərən xüsusi mülkiyyətdə olan və ya digər müəssisənin kommersiya qərarlarında adətən nəzərə alınacaq digər amillər nəzərdə tutulur.
İctimai siyasətin məqsədləri. İctimai siyasətin məqsədləri müvafiq yurisdiksiya daxilində ictimai maraqlara fayda verən məqsədlərdir. Bunlara ictimai xidmət öhdəliklərinin yerinə yetirilməsi, eləcə də maliyyə fəaliyyətinin məqsədlərinə əlavə olaraq müəyyən edilə bilən ictimai maraqlar üçün götürülmüş digər xüsusi öhdəliklər aid edilə bilər. Bir çox hallarda ictimai siyasətin məqsədlərinə dövlət qurumları vasitəsilə nail oluna bilər, lakin onlar səmərəlilik və ya digər səbəblərə görə DM-lərə həvalə edilmişdir.
İctimai xidmət öhdəlikləri (İXÖ-lər). İXÖ-lər, nəzərdə tutulan istifadəçilərin bazar tərəfindən təmin edilməyən və ya kommersiya mülahizələri çərçivəsində İXÖ-nü yerinə yetirmək üçün kifayət qədər mühüm iqtisadi və ya sosial xidmətlərə müvafiq çıxışını təmin etmək üçün dövlət xidmət təminatçılarının üzərinə qoyulan öhdəliklərdir. İXÖ-lərin layihələndirilməsi və icrası mexanizmləri yurisdiksiyalar arasında çox fərqli ola bilsə də, İXÖ-lər, məsələn, dövlət xidmət təminatçıları qarşısında qoyulan universal xidmət və/və ya sərfəli qiymət tələblərindən ibarət ola bilər.
DM-lərin idarəetmə orqanları. İdarəetmə orqanları strukturları və prosedurları həm yurisdiksiyalar daxilində, həm də yurisdiksiyalar arasında dəyişir. Bəzi yurisdiksiyalarda müşahidə (qeyri-icraçı) və idarəetmə funksiyalarını müxtəlif orqanlara ayıran iki səviyyəli idarəetmə orqanları var. Bu cür sistemlərdə adətən qeyri-icraçı şura üzvlərindən, o cümlədən işçilərin nümayəndələrindən ibarət "müşahidə şurası" və tamamilə icraedici şəxslərdən ibarət "idarə heyəti" olur. Digər yurisdiksiyalarda icraçı direktorları və qeyri-icraçı direktorları birləşdirən "unitar" idarəetmə orqanları var.
DM Təlimatları hər iki sistemin burada göstərilən nəticəyönümlü təkliflərə əməl edilməsinə kömək edə biləcəyini qəbul edərək, hər hansı xüsusi şura strukturunu müdafiə etmirDM Təlimatlarının müəssisənin idarə edilməsi və idarəetmənin monitorinqi funksiyaları həvalə edilmiş hər hansı şura strukturuna şamil edilməsi nəzərdə tutulur. Bəzi yurisdiksiyalarda rast gəlinən tipik ikisəviyyəli sistemdə DM Təlimatlarında istifadə olunan "şura" "müşahidə şurası", "icraedicii şəxslər" isə "idarə heyəti" deməkdir.
Bir çox idarəetmə orqanlarına "müstəqil" üzvlər daxildir, lakin müstəqilliyin əhatə dairəsi və tərifi milli hüquqi kontekstdən və korporativ idarəetmə məcəllələrindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Geniş mənada " müstəqil şura üzvləri" dedikdə, hər hansı maddi maraqlardan (direktorluq haqları istisna olmaqla, birbaşa və ya dolayı yolla müəssisə və ya onun qrupundan alınan mükafatlandırma daxil olmaqla) azad olan; və ya müəssisə (qeyri-icraçı şura üzvləri), dövlət (nə dövlət qulluqçuları, dövlət rəsmiləri, nə də seçilmiş vəzifəli şəxslər), onun rəhbərliyi və digər iri səhmdarlarla, eləcə də DM-nin fəaliyyətində birbaşa marağı olan və onların obyektiv mühakimə yürütməsinə təhlükə yarada biləcək maraqlar toqquşması yaradan institutlar və maraq qrupları ilə münasibətləri olmayan fiziki şəxslər başa düşülür. Müstəqil şura üzvləri layiqlilik prinsipi əsasında seçilməli, müstəqil düşüncə tərzinə və şuranın vəzifələrini yerinə yetirmək üçün kifayət qədər səriştəyə malik olmalıdırlar.
"Sədr" termini DM Təlimatlarında unitar sistemdə direktorlar şurasının sədrini və ikisəviyyəli sistemdə müşahidə şurasının sədrini ifadə etmək üçün istifadə edilmişdir. Baş icraçı şəxs (Bİ), ümumiyyətlə, müəssisənin ən yüksək vəzifəli icraçı şəxsi (məsələn, ikisəviyyəli sistemdə idarə heyətinin rəhbəri) olub, onun əməliyyatlarının idarə edilməsindən və korporativ strategiyanın həyata keçirilməsindən məsuldur. BİD unitar sistemdə direktorlar şurasına, ikisəviyyəli sistemdə isə müşahidə şurasına hesabat verməlidir.
Listinqdə olan DM-lər. DM Təlimatlarının bəzi hissələri xüsusi olaraq "listinqdə olan DM-lər"ə yönəlmişdir. "Listinqdə olan DM-lər" dedikdə, səhmləri açıq şəkildə satılan DM-lər başa düşülür. Bəzi yurisdiksiyalarda imtiyazlı səhmlər, birjada alqı-satqı edilən borc qiymətli kağızları və/və ya oxşar maliyyə alətləri buraxmış DM-lər də listinqdə olan DM hesab edilə bilər. DM Təlimatlarının listinqdə olan DM-lərə tətbiqi həmçinin G20/İƏİT Korporativ İdarəetmə Prinsipləri və listinqdə olan şirkətlər üçün müvafiq korporativ idarəetmə çərçivələri ilə uyğunluğu təmin etməlidir.
Mülkiyyət subyekti. Mülkiyyət subyekti dövlətin DM-lərdə mülkiyyət funksiyasından və ya mülkiyyət hüquqlarının həyata keçirilməsindən və ya onlar üzərində nəzarətdən məsul olan hissəsidir. "Mülkiyyət subyekti" dedikdə, ya vahid dövlət mülkiyyətində olan qurum, əlaqələndirici qurum, hökümət nazirliyi və ya dövlət mülkiyyətinin həyata keçirilməsindən məsul olan digər ictimai qurum başa düşülə bilər. Bundan əlavə, dövlətlər dövlətə məxsus holdinq şirkətləri (DMHŞ-lər) kimi korporativ strukturlar vasitəsilə öz mülkiyyətçilik və ya nəzarətlərini həyata keçirə bilərlər.
DM Təlimatlarında və annotasiyalarda "Mülkiyyət subyekti" termini mülkiyyət modeli seçiminə xələl gətirmədən istifadə olunur. DM Təlimatlarına tərəfdar olanlar hökumət strukturunu və ya DMHŞ-ni əsas mülkiyyətçi rolu oynamaq üçün təyin etmədikdə, başqa cür göstərilmədiyi təqdirdə, bu təkliflərin qalan hissəsinin icrasına təsir göstərməməlidir.
Steykholderlər (maraqlı şəxslər). "Steykholderlər" termini ümumiyyətlə səhmdar olmayan steykholderləri bildirir və işçi qüvvəsi, kreditorlar, müştərilər, təchizatçılar və təsirə məruz qalan icmaları və s. əhatə edir.