Dövlət müəssisələri yüksək şəffaflıq, hesabatlılıq və dürüstlük standartlarına riayət etməli və listinqdə olan şirkətlər olaraq yüksək keyfiyyətli mühasibat uçotu, açıqlama, uyğunluq (komplayens) və audit standartlarına tabe olmalıdır.
V.A. DM-lər müəssisə ilə bağlı bütün əhəmiyyətli məsələləri yüksək keyfiyyətli, beynəlxalq səviyyədə tanınmış mühasibat uçotu və məlumatların açıqlanması standartlarına uyğun olaraq bildirməli və açıqlamalıdırlar ki, bu da mülkiyyətçi olaraq dövlət və geniş ictimaiyyət üçün əhəmiyyətli narahatlıq doğuran sahələri əhatə edə bilər. İnformasiyanın yayılması üçün kanallar ictimaiyyətin ödənişsiz və vaxtında çıxışını təmin etməlidir. Müəssisənin imkanları və ölçüsünü nəzərə alaraq, bu cür informasiyaya aşağıdakıları misal göstərmək olar:
V.A.1. Müəssisənin məqsədləri və onların yerinə yetirilməsi, o cümlədən dövlət mülkiyyəti subyekti tərəfindən gözlənilən səlahiyyət barədə ictimaiyyətə aydın bəyanat.
V.A.2. Müəssisənin maliyyə və əməliyyat nəticələri, o cümlədən müvafiq hallarda ictimai xidmət öhdəlikləri ilə bağlı xərclər və maliyyələşdirmə tədbirləri.
V.A.3. Müəssisə və ya qrupun, eləcə də hər hansı əhəmiyyətli törəmə müəssisənin idarəetmə, mülkiyyət hüququ, hüquqi və səsvermə strukturu, o cümlədən hər hansı korporativ idarəetmə məcəlləsinin və ya siyasət və icra proseslərinin məzmunu.
V.A.4. Şura üzvlərinin və rəhbər vəzifəli şəxslərin mükafatlandırılması.
V.A.5. Şuranın tərkibi və onun üzvləri, o cümlədən şura üzvlərinin ixtisaslaşması, seçim prosesi, şuranın müxtəlifliyi ilə bağlı siyasətlər, şirkətin digər şuralarında və ya dövlətdə rollar və əgər tətbiq olunarsa, müstəqil kimi təsnifləndirilmə.
V.A.6. Hər hansı əhəmiyyətli gözlənilən risk amilləri və bu riskləri idarə etmək üçün görülən tədbirlər.
V.A.7. Dövlətdən alınan zəmanətlər də daxil olmaqla hər hansı birbaşa və ya dolayı maliyyə yardımı və dövlət-özəl tərəfdaşlığından və ya birgə müəssisələrdə iştirakdan irəli gələn müqavilə öhdəlikləri və vəzifələr də daxil olmaqla, DM adından götürülmüş öhdəliklər.
V.A.8. Dövlət və digər əlaqəli qurumlarla hər hansı maddi əməliyyatlar.
V.A.9. Razılaşmalara əməl edilməməsi riski də daxil olmaqla, borc müqavilələri kimi maddi öhdəliklər haqqında məlumat.
V.A.10. Dayanıqlılıqla bağlı məlumat.
V.B. DM-lər riskləri müəyyən etmək, idarə etmək, bildirmək və onlara nəzarət etmək üçün risk menecment sistemlərinə malik olmalıdırlar. Risk menecment sistemləri məqsədlərə nail olmaq üçün ayrılmaz bir element kimi nəzərdən keçirilməli və beləliklə, daxili nəzarət mexanizmləri, etika və uyğunluq (komplayens) proqramları və ya tədbirlərinin ardıcıl və hərtərəfli dəstini özündə cəmləşdirməlidir.
V.C. DM-lər öz funksiyasını lazımi qaydada yerinə yetirmək üçün lazım olan potensial, müstəqillik və peşəkarlığa malik olan daxili audit funksiyası yaratmalıdırlar. O, şura və audit komitəsi və ya mövcud olduqda ona bərabər tutulan korporativ orqan tərəfindən nəzarət edilməli və birbaşa onlara hesabat verməlidir.
V.D. Şuraya və səhmdarlara DM-lərin maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq maliyyə hesabatı çərçivəsinə uyğun olaraq hazırlanıb-hazırlanmadığına dair əsaslı əminlik təmin etmək məqsədilə illik kənar audit beynəlxalq səviyyədə tanınmış audit, etika və müstəqillik standartlarına uyğun olaraq müstəqil, səlahiyyətli və ixtisaslaşmış auditor tərəfindən aparılmalıdır. Konkret dövlət və audit nəzarəti prosedurları müstəqil kənar auditi əvəz etmir.
V.E. Mülkiyyət subyekti DM-lərə dair ardıcıl hesabatlar hazırlamalı və dayanıqlılıq, idarəetmə aspektləri, habelə ictimai siyasətin məqsədlərinə nail olunması ilə bağlı məlumatlar daxil olmaqla, əhəmiyyətli məsələlər üzrə DM-lərə dair məcmu hesabatı hər il dərc etməlidir. Məlumat DM portfelinin tam, aydın və etibarlı təsvirini verməli və yüksək keyfiyyətli, müqayisə oluna bilən, qısa və ictimai, o cümlədən rəqəmsal kommunikasiya vasitəsilə əlçatan olmalıdır.