AİH-nin PŞ-lərini qiymətləndirərkən bu hesabat müxtəlif mənbələrdən alınan məlumatları nəzərdən keçirmiş və təhlil etmişdir. Bura Azərbaycan Hökumətindən sorğu və məlumat mübadiləsi yolu ilə alınan məlumatlar, eləcə də digər dövlət və qeyri-dövlət statistik məlumat mənbələri daxildir. AİH tərəfindən paylaşılan sorğu vərəqələrində 2023-cü il üçün Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş DM-lər sektoru üzrə ümumiləşdirilmiş rəqəmlər öz əksini tapır. İqtisadiyyat Nazirliyi vasitəsilə DM-lər sektoru üzrə əlavə ümumiləşdirilmiş rəqəmlər də əldə olunub.
PŞ-lərin maliyyə göstəricilərini ən yaxşı şəkildə qiymətləndirmək üçün onların ümumi gəliri, aktivləri, öhdəlikləri, mənfəəti, kapitalı, aktivlərin rentabelliyi, kapitalın rentabelliyi və dövlət büdcəsi ilə maliyyə əlaqələri kimi göstəricilər daxil edilmişdir. Xüsusilə şirkət profillərindəki məlumatlar üçün bu hesabat PŞ-lərin kənar auditdən keçmiş maliyyə hesabatları əsasında AİH vasitəsilə paylaşılan rəqəmlərə əsaslanır. Bununla belə, hesabatda, məlumatları müqayisə etmək üçün digər mənbələrə, xüsusən də Hesablama Palatasına istinad edilmişdir. Qurum sektorlararası göstəricilər və maliyyə məlumatları da daxil olmaqla, DM sektoru üzrə həm ümumiləşdirilmiş, həm də ayrı-ayrılıqda məlumatlar təqdim edir. Məlumatın kənara çıxdığı yerlərdə səhifənin aşağısında qeydlər əlavə edilmişdir.
Dövlət büdcəsindən portfel şirkətlərə ayrılan subsidiyaların məbləği barədə məlumat Hesablama Palatasının hazırladığı “dövlət büdcəsinin icrasına dair rəylər”dən götürülmüşdür. “Büdcə sistemi haqqında” Qanuna əsasən, subsidiya dövlət büdcəsindən əvəzsiz ayrılan maliyyə vəsaitidir. Hökumət hər il müxtəlif növ portfel şirkətlərə subsidiyalar ayırır.
Digər maliyyə göstəricisi şirkətin dövlət büdcəsinə köçürməsidir. Bu maliyyə göstəricisi iki növ məlumatdan ibarətdir. Birinci məlumatlara dövlət büdcəsinə ödənilən vergilər (gəlir vergisi, mənfəət vergisi, ƏDV və s.) və ödənişlər daxildir. İkincisi, DM-dən dövlət büdcəsinə dividend şəklində ödənilən vəsaitləri əhatə edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, dividend hüquqi şəxs tərəfindən sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən bütün xərclərin və vergilərin ödənilməsindən sonra xalis gəlirin, mənfəətin bölüşdürülməsi formasında onun təsisçilərinə (və ya səhmdarlarına) edilən ödənişdir.