Dövlət müəssisələri (DM-lər) Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır və onların məcmu gəlirləri ümumi daxili məhsulun (ÜDM) 40%-ni təşkil edir. DM-lər iqtisadiyyatın mühüm sahələrində, o cümlədən enerji, infrastruktur və kommunal xidmətlər, eləcə də rəqabətli və liberallaşdırılmış bazarlarda (məsələn, maliyyə və sığorta, istehsal, pərakəndə satış, turizm/otelçilik və daşınmaz əmlak) fəaliyyət göstərir. Ölkənin ən böyük DM-si olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın dövlət büdcəsinin formalaşmasında əsas pay sahibidir və onun maliyyələşdirilməsi əsasən neft və qaz gəlirlərindən asılıdır.
DM-lər üzərində mülkiyyət əsasən qeyri-mərkəzləşdirilmiş olsa da, 2020-ci ildə yaradılan Azərbaycan İnvestisiya Holdinqi (AİH) korporativ idarəetməni və onların fəaliyyətini təkmilləşdirmək məqsədi ilə strateji əhəmiyyətli DM-ləri koordinasiyalı şəkildə nəzarəti altına almışdır. AİH-ə hazırda 12 DM-də, daha dəqiq desək, SOCAR, "AzerGold", Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Limanı, Bakı Metropoliteni, "Baku Bus", Təmiz Şəhər, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank və "Azərsığorta"da (bu müəssisə 2024-cü ilin yanvar ayından likvidasiya prosesindədir) korporativ idarəetməni təkmilləşdirmək səlahiyyəti verilmişdir. AİH Portfel şirkətlərinə nəzarət və monitorinqi həyata keçirən idarəetmə orqanı kimi fəaliyyət göstərir, lakin bu şirkətlərdə heç bir paya malik deyil. Əksinə, o, Portfel şirkətlərinin səhmdarı kimi dövləti təmsil etmək səlahiyyətini daşıyır.
AİH tərəfindən aparılan islahatlar bir sıra korporativ idarəetmə nailiyyətləri və portfel üzrə məhsuldarlığın nəzərəçarpan dərəcədə artımı ilə nəticələnmişdir. Nailiyyətlərə ilk dəfə Müşahidə Şuralarının və şura komitələrinin yaradılması, eləcə də 12 DM-də beynəlxalq səviyyədə tanınmış standartlara (MHBS) uyğun olaraq maliyyə və qeyri-maliyyə hesabatlarının hazırlanması və müstəqil kənar audit xidmətinin alınması daxildir. Təfərrüatlı transformasiya planları ilə birlikdə aparılan bu islahatlar portfel üzrə məcmu məhsuldarlığın artmasına səbəb olmuşdur.
İƏİT-nin “Dövlət müəssisələrində Korporativ İdarəetmə” Təlimatlarına daha yaxşı uyğunlaşmaq üçün, AİH və Azərbaycan Respublikası Hökuməti vahid mülkiyyət siyasətini tərtib etməyə, DM-lərin bazarda rəqabət apardığı şəraiti bərabərləşdirməyə, şuralara müstəqil üzvləri təqdim etməyə, habelə şəffaflıq və məlumatların açıqlanması təcrübələrini daha da təkmilləşdirməyə təşviq edilir. Davamlı islahatı təmin etmək üçün Azərbaycan mülkiyyət əsaslandırmalarını və gözləntilərini, habelə mülkiyyət və idarəetmə mexanizmlərini əks etdirən vahid mülkiyyət siyasətini tətbiq etməlidir. DM-lər və özəl şirkətlər arasında rəqabəti bərabərləşdirmək üçün mülkiyyət hüququ siyasət və tənzimləmə funksiyalarından ayrılmalıdır. Səhmdarlıq funksiyalarının AİH-ə həvalə edilməsi bu istiqamətdə atılacaq bir addımdır, lakin idarəetmə orqanlarında nazirlərin yüksək səviyyədə təmsilçiliyinin davamlı olması funksiyalararası sərhədləri qeyri-müəyyən edir və potensial maraq toqquşmalarına yol açır. Bundan əlavə, hökumət tərəfindən müstəqil direktorlar sisteminin tətbiqinin islahat məqsədi kimi müəyyən edilməsinə baxmayaraq, bu sistem müvafiq korporativ idarəetmə çərçivələrində tələb olunmur və hazırda AİH-in Portfel şirkətlərinin heç bir direktoru müstəqil deyil. AİH həmçinin DM şuralarının strukturlaşdırılmış, rəqabətqabiliyyətli, bacarıq əsaslı və şəffaf proseslərə əsaslanan təyinatlarının əlaqələndirilməsində rol oynaya bilər. Şəffaflıq və hesabatlılığı daha da təkmilləşdirmək üçün AİH portfel üzrə illik məcmu hesabatlarını dərc etməli və onları ictimaiyyətə təqdim etməlidir.
Bu tövsiyələrin yerinə yetirilməsi AİH-in Portfel şirkətlərinin və ümumi olaraq iqtisadiyyatın effektiv fəaliyyətini, hesabatlılığını və şəffaflığını dəstəkləməklə yanaşı, hökumətin özəlləşdirmə məqsədlərinə uyğun olaraq DM sektoruna kənar kapital və investisiyaların cəlb edilməsinə şərait yarada bilər.